15:21 01 İyul 2020 346
Ana səhifə Xəbərlər

Rusiya əsas qanununu dəyişir - ÜMUMXALQ SƏSVERMƏSİNDƏN REPORTAJ

Bu gün şimal qonşumuz Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı ümumxalq səsverməsinin final mərhələsi keçirilir. 1 iyul rusiyalılar üçün ölkənin əsas qanununa təklif olunan dəyişiklikləri dəstəkləyib və ya onlara qarşı çıxa biləcəkləri əsas və son gündür.

APA TV-nin Moskva müxbiri Kreml yaxınlığında yerləşən 5 015 saylı seçki məntəqəsində olub və seçki prosesini izləyib.

Artıq bir həftədir ki, Rusiya əhalisi ölkənin əsas qanununa dəyişikliklərə səs verir. Koronavirus pandemiyasına görə artıq bir dəfə təxirə salınan ümumxalq səsverməsi seçicilərin sağlamlıq təhlükəsizliyi nəzərə alınaraq, həftə ərzində və ölkə tarixində ilk dəfə olaraq onlayn formada keçirilir.

Bu dəfə keçirilən ümumxalq səsverməsinin qəbul olunması üçün 50 faizdən çox seçici fəallığı tələb olunmur. Budəfəki seçkilərdə Rusiya əhalisi paket formada, yəni təklif olunan bütün dəyişikliklərə birdəfəlik səs verir. Buna səbəb isə mövcud konstitusiyaya 200-dən çox dəyişikliyin edilməsi və hər bir düzəlişə ayrıca olaraq səsvermənin texniki cəhətdən mümkün olmadığı göstərilir.

Koronavirus pandemiyasına görə “Rospotrebnadzor” Federal Xidmətinin tövsiyələri əsasında səsvermə prosesi üçün xüsusi epidemioloji tədbirlər görülüb. Onlardan biri də seçki məntəqələrinə getmədən səsvermədə iştirakdır. İyun ayının 25-dən 30-a kimi bu formada seçkilərin keçirilməsində məqsəd seçki məntəqəsində eyni vaxtda olan seçicilərin sayını azaltmaqdır. Mərkəzi Seçki Komissiyasının proqnozlarına görə, məntəqədə bir saat ərzində səs verən seçicilərin sayı 8-12 nəfərdən çox olmamalıdır. Təhlükəsizlik üçün seçki məntəqəsinə daxil olmadan öncə seçicinin hərarəti ölçülür. Bütün məntəqələr qoruyucu maska və əlcəklərlə, sanitar vasitələr və birdəfəlik qələmlərlə təmin olunub.

Bundan başqa, ölkə tarixində ilk dəfə olaraq Moskva şəhəri və Nijeqorod vilayəti sakinləri üçün onlayn formada elektron səsvermə keçirilib. Bunun üçün adıçəkilən regionların sakinlərindən iyunun 21-nə kimi “mos.ru” və “qosusluqi” portallarında qeydiyyatdan keçərək elektron səsvermədə iştirak etmək üçün ərizə vermələri tələb olunub. Bu proses maksimum 5-6 dəqiqə vaxt alıb. Tək elə paytaxt Moskvada iyunun 25-dən 30-a kimi keçirilən elektron səsvermədə seçici fəallığı 93 faiz olub. 2 milyona yaxın Moskva sakini olan seçici elektron formada səs verib. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova onlayn-elektron səsvermənin ilk təcrübə olduğunu və bundan sonra keçirilən seçkilərdə də tətbiq olunacağını söyləyib. Lakin ənənəvi seçki prosesi də heç vaxt aradan qaldırılmayacaq.

Konstitusiyaya təklif olunan düzəlişləri ölkənin əsas müxalif partiyası olan kommunistlər rədd edir. Parlamentdə qanun layihəsi müzakirə olunan zaman da kommunist fraksiyası bitərəf qalıb. Rusiya kommunistlərinin lideri Gennadi Züqanov öz tərəfdarlarını Konstitusiyaya dəyişikliklərin əleyhinə səsverməyə çağırıb. O, əsas qanuna ediləcək dəyişikliklərin prezident hakimiyyətinin və oliqarxiya hökmranlığının gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Qeyd edək ki, əgər təklif olunan düzəlişlər qüvvəyə minsə, Rusiya Konstitusiyasında ilk dəfə olaraq Allaha inam, nikahın məhz qadın və kişinin birliyi olması, eləcə də Dövlət Şurası terminləri öz əksini tapmış olacaq. Bundan başqa, əsas qanunda rus dilinə dövlət yaradan xalqın dili deyiləcək. Əsas dəyişikliklə hazırkı dövlət başçısının prezidentlik müddəti “sıfırlanacaq” ki, bu da Vladimir Putinə 2024 və 2030-cu illərdə yenidən prezidentliyinə namizədliyini irəli sürmək imkanı verəcək.

Fərid Əkbərov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın