11:08 17 Mart 2020 316
Ana səhifə Xəbərlər

Saatlının Nabat kəndində torpaq problemi 23 ildir həllini tapmır - REPORTAJ

23 ildir Saatlının Nabat kənd sakinləri onlar üçün ayrılan torpaqları sənədləşdirə bilmir.

APA TV-nin yerli bürosunun məlumatına görə, sakinlər deyir ki, 1996-cı ildə torpaq islahatı aparılan zaman kənddə adambaşına 68 sot torpaq sahəsi ayrılıb. Bu barədə rayonda yaradılan 11 nəfərlik torpaq komissiyasının qərarı da var.

Həmin il Nabat kəndinin 1060 hektar torpaq sahəsi 1326 nəfər kənd sakini arasında bölünüb. Kənd sakinləri qeyd edir ki, indi rayon rəhbərliyi bu torpaqları kənd sakinlərinə adambaşına 57 sotla sənədləşdirməyə məcbur edir:

Gülhüseyn Quliyev deyir ki, bu sənəd 1997-ci ildə icra nümayəndəsi Əlasif Piriyev tərəfindən təqdim olunub: “Gəlib bizə deyirlər ki, 55-57 sotla torpaq bölgüsü aparılır. 2008-ci ildə Saatlının icra başçısı olmuş Siraqəddin müəllimə şikayətlər olundu, ərizələr yazdıq. 5 nəfər şəxs ayırdı, o cümlədən məni də o qrupa saldı. Torpaqları ölçdük, təqdim elədik başçıya. Bizə dedi, gedin, verin məhkəməyə. Bizə bu torpağın heç sənədini də verməyiblər. Subsidiya da vermirlər”.

Faiq Həsənovun sözlərinə görə, neçə illərdir ki, torpaq pulunu ona 57 sot hesabı ilə verirlər: “Faktiki olaraq 68 sotla bizə, 5 nəfərə 3,4 hektar torpaq düşüb. Mən hardasa 21-22 ildir ki, bu torpağı əkirəm. Amma neçə illərdir ki, torpaq pulunu mənə 57 sot hesabı ilə verirlər, 11 sotun pulu isə hansı məmurun cibinə gedirsə, bilinmir. Xahiş edirik, bizə köməklik olunsun. 21 ildir mən bu torpağın üstündə oturmuşam. Gəlsinlər, 68 sotla torpağı ölçüb versinlər bizə. Dövlət verən subsidiyadan mən yararlana bilmirəm. Yerli məmurların hər birinə müraciətlər olunub. Heç kimsə buna diqqət etmir”.

Azər Məmmədov isə bildirir ki, kənddə qaz, su olsa da, 22 ildir torpaq problemi həll edilmir: “Kənd sakinləri onlara verilən 68 sot pay torpaqlarına görə hər ay icra hakimiyyətinin qapısını döyürlər. Yəni buna gücü çatan yoxdur? Bunlardan ölkə rəhbərliyinin xəbəri yoxdur, yerli icra nümayəndələri var ki, öz mənafelərin düşünürlər. Onlar da insanların yaşayışına mane olurlar. Tələbimiz odur ki, bizə 68 sot torpağımızı versinlər. 57 sotla mənə niyə sənəd verməlidirlər?”

Samir Yəhyayev isə bütün aidiyyatı qurumlara müraciət etdiklərini, amma problemlərinin həll olunmadığını bildirir: “23 ildir ki, biz icra başçısına nə qədər şikayət edirik. Ötən ay kənd təsərrüfatı nazirinin qəbulunda olmuşam, tapşırıq verilib ki, iqtisadiyyat nazirinə ərizə ilə müraciət edin. Ərizə ilə də müraciət etmişik. Gəliblər Əmlak Komitəsindən torpağı yoxlayıblar, nəticə isə yoxdur. Bizim torpağımız əvəzinə aidiyyəti olmayan torpaqlarda ölçmə işləri aparırlar. Nədən və niyə qorxurlar, baş açmaq olmur. Əgər mən qanunsuz bir iş görürəmsə, qoy məni qanunla cəzalandırsınlar. Mən öz qanunu torpağımı istəyirəm”.

Məsələ ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrəndik. Suallarımızı Saatlı RİH başçısının müavini Gündüz Səmədli cavablandırdı: “Onların tələbi odu ki, həmin o 68 sota dövlət aktı verilsin. Bununla əlaqədar Rayon İcra Hakimiyyətinin əməkdaşları aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə həmin vətəndaşlarla yerlərdə görüşlər keçirib, ərazilərə baxış olub. Onlara qanunvericiliyin tələbləri izah olunub. Bildirilib ki, bununla əlaqədar aidiyyəti qurumlara müraciətlər olunub. Təxminən 15 gün əvvəl onların növbəti müraciəti əsasında 0,68 hektar torpaq sahəsinə dövlət aktı verilməsi ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən İqtisadiyyat Nazirliyinə müraciət ünvanlanıb ki, onlar tərəfindən mütəxəssislər ayrılsın, gəlib ərazidə yoxlamalar aparılsın, koordinatlar müəyyənləşdirilsin və onların tələblərinə uyğun müvafiq cavablar verilsin”.

Nabat kənd sakinlərinə yenə də gözləmək qalır. Ümid edirik ki, ən qısa zamanda onların torpaq problemi öz həllini tapacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın