19:12 13 Aprel 2021 52
Ana səhifə Xəbərlər

Sabiq həmsədr ATƏT-in Minsk Qrupunun bundan sonra nə edə biləcəyini açıqlayıb

ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları Hərbi Qənimətlər Parkına baş çəkiblər.

APA TV-nin məlumatına görə, qonaqlar 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu tərəfindən əldə olunmuş hərbi qənimətlərlə tanış olublar. Həmçinin onlara Ermənistan tərəfindən Gəncə, Bərdə və Tərtər rayonlarına edilən raket hücumları və mülki əhalinin hədəfə alınması barədə məlumatlar verilib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqlara Şuşaya atılan “İsgəndər-M” raketi barədə də məlumat verib:

Türkiyəli qonaq Hasan Ünal Ermənistanın diplomatik danışıqlara gəlmədiyi üçün müharibədən başqa həll yolu qalmadığını deyir: “Azərbaycan isə həm cəbhədə, eyni zamanda, diplomatik cəhətdən tam hazırlıqlı idi. Azərbaycanın öz torpaqlarını geri aldığını görməkdən çox böyük bir sevinc hissi yaşayırıq. Bu parkda gördüklərimiz Ermənistanın necə ağır məğlubiyyətə düçar olduğunu göstərir. Baxın bu tərəfdə olan tanklar işlək vəziyyətdədir. Lakin onlar onu qoyaraq qaçıblar. Digər tərəfdə olanlar pərişan edilib, məhv edilib. Bunların təbii ki insanların yaddaşında yer alması üçün bu şəkildə nümayiş olunmasında fayda var”.

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov bildirib ki, Hərbi Qənimətlər Parkına bizim Ermənistan üzərində çaldığımız zəfər nöqteyi-nəzərindən baxmalıyıq.

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza da jurnalistlərə açıqlama verərək bildirib ki, artıq münaqişə həll olunub. Minsk qrupu bu gündən sonra fərqli işlər görməlidir: “Məsələn, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası, noyabrın 9-da qəbul olunan üçtərəfli bəyanatın aspektlərinin həyata keçirilməsi və Prezident Əliyevin də qeyd etdiyi kimi, bəlkə də gələcəkdə sülhlə bağlı danışıqlara yardım etmək məsələləri. Ümumilikdə Ermənistan və Azərbaycan arasında sülh bağlanmasından söhbət gedir. Minsk Qrupu bunlarla bağlı işləyə bilər”.

Brayzanın sözlərinə görə, Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin şansı qalmayıb, çünki Ermənistan müharibəni uduzub: “Bu gün bizim çox əla konfransımız oldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında çox açıq idi, ona verilən çoxsaylı suallara səmimi və dürüst şəkildə cavab verdi. Bununla beynəlxalq ekspertlərin Azərbaycanın müharibəni belə minimum itkilərlə necə aparması barədə daha yaxşı fikir formalaşdı. Əliyevin də dediyi kimi, Azərbaycanın perspektivindən baxdıqda, Qarabağ münaqişəsi bitib, artıq həll olunub. 2020-ci il noyabrın 9-da qəbul olunan bəyanat elə bu barədədir”.

Qeyd edək ki, qonaqlar hərbi qənimətlər parkını gəzərək bura ilə yaxından tanış olublar. Qonaqlara parkın ərazisi, buradakı hərbi qənimətlərin sayı, texnikaların vəziyyəti və miskin erməni ordusunda hərbiçilərin acınacaqlı yaşam tərzi ilə bağlı ətraflı məlumat verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın