02:40 10 Dekabr 2019 354
Ana səhifə Xəbərlər

Sabunçu yağışdan sonra: göllənən yollar, keçilməz küçələr... - XÜSUSİ REPORTAJ

“Dünən axşam saatlarından başlayan yağış yenə şəhərin bəzi küçə və prospektlərini gölməçələrə qərq etdi. Hazırda mən Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisindəyəm və gördüyünüz kimi yağışın belə gölməçələrə səbəb olması mənim kimi piyadaların və sürücülərin hərəkətinə maneələr yaradır”.

Yağışdan çıxıb yağmura düşdük desək, yəqin ki, yanılmarıq. Lakin sürücünün maşını saxlayaraq üzrxahlıq etməsi xoş olmayan hadisəni unutdurur. Elə bir piyada yoxdur ki, yağış yağarkən bu duruma düşməsin. Sürücülər də səhvinə görə ya üzr istəyir, ya da saymazyana keçib gedir.

Bura Sabunçu rayonu Maştağa qəsəbəsinə gedən yoldur. Kanalizasiya qapağının açıq olmasına baxmayaraq bura yığılan su gölməçələr əmələ gətirir. Nə piyada rahat yol keçə, nə də sürücü rahat maşın sürə bilir. Təhlükə və bədbəxt hadisə isə qaçılmazdır.

İş bununla bitmir. Görünən yerin bir də görünməyən hissəsi var. Kadrlardan da aydın olur ki, yağış yağanda buralar keçilməz olur. Sakini də sürücüsü də narazıdır:

“Ara məhəllələrdə isə vəziyyət daha acınacaqlıdır. Burada suyun dərinliyi topuqdan yuxarı, dizdən aşağıdır. Bu isə burada yaşayan sakinlərə ciddi problemlər yaradır. Sakinlər bu gölməçələrin üzərindən keçmək üçün yolun bir tərəfindən digər tərəfinə avtobuslardan istifadə edir”.

Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsi - İstixana adlanan ərazi. Sakinlər deyir ki, bura, hər yağış yağanda yaşanılmaz vəziyyətdə olur. Uşağı, cavanı, yaşlısı göllənmiş yoldan rahat keçə bilmir. Ya yıxılaraq suya düşür, ya da mütləq kömək lazım olur:

“Hələ qış düşməyib. Yağıntının miqdarı az olsa da, qəsəbədə bu problemləri yaşayırıq. Bu məktəb binasıdır. Bura da qəsəbənin mərkəzidir. Eləcə də marşrutların son dayanacağıdır. İnsanlar əziyyət çəkir. Quru yer axtarırıq ki, düşək və yaxud gündəlik işə, məktəbə gedək”.

“Özünüz canlı şahidisiniz, görürsünüz. Kanalizasiya sistemi demək olar ki, burada ümumiyyətlə işləmir. Keçən il dəmir borular yerləşdirildi ki, guya düzələcək. Ancaq bu tərəfdən o tərəfə keçmək üçün avtobusdan istifadə edirik. Əhali gəlib burda düşür. Biz də avtobus sürücüsündən xahiş edirik ki, bizi digər tərəfə keçirsin”.

Mikrofonumuzu sakinləri mənzil başına çatdıran sürücüyə tuturuq. Və eşitdiyimiz cavab:

“Xahiş edirik yolları düzəltsinlər. Heç bir çətinliyi yoxdur. Dərinlikdi. nə edək? Biz etməmişik ki, yağan yağış edib də”. İnşallah düzələr, hər şey yaxşı olar”.

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhimdar Cəmiyyətinə (ASC) müraciət etdik. Qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, qurum tərəfindən infrastruktur işləri aparılan ərazilərində belə yağıntılar zamanı ciddi fəsadlar törənmir. Yalnız intensiv xarakterli yağışlar olarkən müəyyən müddətdə küçələrdə su yığılmaları baş verir və bu da yağış dayandıqdan sonra - 25-30 dəqiqə müddətində çəkilir:

“Dünənki yağışdan sonra da bizim əməkdaşlarımız gücləndirilmiş iş rejiminə keçib. Həm rayon su-kanal idarələri, həm də Bakı su-kanal idarələrinin rəhbərləri iş başında olub. Ona görə də harada ki, normal şəbəkə infrastrukturu var, orada problem baş verməyib”.

Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsi ərazisinə gəlincə Anar Cəbrayıllı qeyd etdi ki, zəng mərkəzinə müraciətlər daha çox Zabrat və Binəqədi rayonu Biləcəri ərazisindən daxil olur:

“Orada da bizim mütəxəssislər yerlərə baxış keçirib. Bir çoxu infrastrukturu olmayan ərazilərdir. Biləcərini götürək, çökək ərazidir, orada həyətlər, yollar hamısı suyun altında qalmışdı. Orada nəinki yağış suları, heç kanalizasiya infrastrukturu yoxdur. Bəzən infrastruktur olmamasına baxmayaraq, biz həmin əraziləri texnikalarla təmin edirik”.

Yaranan problemlərin qısa zamanda aradan qalxacağına ümid edirik. Əks halda yağış əhaliyə xeyir-bərəkət yox, problemlər gətirəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın