16:00 01 İyul 2020 334
Ana səhifə Xəbərlər

Sahibkarlıq kreditləri üzrə faizlərin subsidiyalaşdırılması mexanizmləri açıqlanıb

Koronavirus infeksiyasının yayılması qlobal iqtisadiyyata, o cümlədən beynəlxalq əmtəə və maliyyə bazarlarına mənfi təsir göstərib. Bu da real sektorla maliyyə sektoru arasında iqtisadi tarazlığın pozulmasına, maliyyə bank sektorunda durğunluğa səbəb olub.

APA TV-nin xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, tətbiq olunan sosial təcrid tədbirləri, məhdudiyyətlər, iqtisadiyyatın əksər sahələrində işgüzar fəallığı zəiflədib. Beləliklə, həmin sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri zərərlə üzləşib. Maliyyə vəziyyətinin pisləşməsi nəticəsində onların ödəmə qabiliyyəti aşağı düşüb, bank sektorunda likvidlik və problemli kreditlərin həcminin artması riskləri yaranıb. Bu səbəbdən ölkə başçısının 4 iyun 2020-ci il tarixli fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib. Məqsəd qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətlərinin tətbiq edilməsidir. Bununla da sahibkarlığın dəstəklənməsi üçün yeni mexanizmlərin tətbiqinə şərait yaradılıb.

Bununla əlaqədar Nazirlər Kabinetinin qərarı ilə koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması qaydası təsdiq olunub. Samir Hümbətovun sözlərinə görə, bu gündən etibarən həmin qaydaların tətbiqinə başlanılıb: “Belə ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, yeni verilən 500 milyon manat kredit portfelinin 60 faizinədək hissəsinə dövlət zəmanəti veriləcək. Həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək. Dövlət zəmanətli kreditlərin məbləği 3 milyon manatadək, illik faiz dərəcəsi 15 faizədək, müddəti 3 ilədək, güzəşt müddəti isə 12 aya qədərdir”.

Bu mexanizmin tətbiqi girov yetərsizliyi olan sahibkarlıq subyektlərinin layihələrinin reallaşdırılmasında əhəmiyyətli rol oynayacaq. Bundan əlavə, kredit faizlərinin subsidiyalaşdırılması kiçik və orta sahibkarlıq subyektlərinin ucuz maliyyə vəsaiti ilə təmin olunmasına şərait yaradacaq. Bu da sahibkarların maliyyə xərclərinin azaldılmasına, fəaliyyətinin daha da genişlənməsinə imkan verəcək.

Həmin mexanizm çərçivəsində kredit almaq istəyən sahibkarların müraciəti İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ilk dəfə tətbiq olunan www.e-edf.gov.az elektron kredit platforma vasitəsilə həyata keçiriləcək. Sayt artıq sahibkarların istifadəsinə verilib. Samir Hümbətov deyir ki, biznes kreditlərinin bu portal vasitəsilə verilməsi sahibkarlar üçün bir neçə üstünlük yaradır: “Sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir. Onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır. Müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron kredit platformasının tətbiqi ilə həmçinin kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait yaradılır ki, bununla da sağlam rəqabət mühiti formalaşır, sahibkarların kreditlərə çıxış imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur”.

Digər yeni mexanizmə uyğun olaraq pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 2020-ci ilin 10 martınadək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən subsidiyalaşdırılacaq. Həmin mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq olunur. Bu dəstək aləti pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaq.

Ümumilikdə qeyd olunan mexanizmlər iqtisadi fəallığın bərpa olunması, sahibkarların xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığının artırılması pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması, bank sektorunda likvidlik və problemli kreditlərin həcminin artması risklərinin aradan qaldırılmasına yeni imkanlar yaradacaq.

Elvin Paşazadə,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın