01:20 30 Noyabr 2017 1169
Ana səhifə Xəbərlər

Sahibsiz itlər Bakıdan niyə yığışdırılmır? - REPORTAJ

Paytaxtın mərkəzi küçələri də daxil olmaqla əksər qəsəbələrdə sahibsiz itlərin sayı günü-gündən artır. Hətta parklarda belə çoxlu sayda sahibsiz itlərə rast gəlinir. Son zamanlar şahidi olduğumuz hadisələr onu deməyə əsas verir ki, Bakıda sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib.

İl ərzində minlərlə insanın sahibsiz itlərin qurbanı olması, bu qurbanlar arasında ələlxüsus uşaqların üstünlük təşkil etməsi məsələnin ciddiliyindən xəbər verir. Sözün əsl mənasında “dördayaqlılar” artıq şəhər sakinlərinin qorxulu kabusuna çevrilib. Təkcə 2016-cı il ərzində respublikada 3 nəfər it dişləməsi səbəbindən quduzluq xəstəliyinə yoluxma nəticəsində həyatını itirib.

Zabrat qəsəbə sakinləri deyir ki, yay mövsümü başa çatan kimi qəsəbənin bütün məhəllələrində sahibsiz itlərə rast gəlmək olur. Onlar artıq bu qəsəbəni özlərinə daimi məskən seçiblər. Sakinlər səhər saatlarında və şər qarışanda küçələrin keçilməz olduğunu dilə gətirir.

Küçə itlərindən xilas yolları insanlar tərəfindən birmənalı qarşılanmır. Bəs bu problemi həll etmək üçün nə etməliyik?

Şikayətçilər deyirlər ki, onların əsas qorxuları övladlarına görədir: "Bağ sezonu bitəndən sonra itlərin sayı daha da çox olur. Yay mövsümündə bağlarda özləri baxır, sonra sahibsiz qoyurlar. Baxan kimi də bilinir ki, bəziləri cins itlərdir".

Qəsəbə sakinləri itlərin öldürülməsini istəmirlər: "Təxminən iki gün öncə qonşunun qızına hücum etmişdilər. Uşaq qorxusundan bizim həyətə girmişdi. Uşaqlar hava xoş olanda həyətdə oynaya bilmir, mən özüm belə öz itimi onların əlindən gəzməyə çıxara bilmirəm".

Sakinlər Bakı şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinə dəfələrlə zəng vursalar da, telefona cavab verən olmayıb: "Qızım, qorxumuzdan uşağı hər yerə özümüz aparmalı oluruq. Əksəriyyətinin qulaqlarında birkalar var. Deyəsən, xüsusi məntəqədən qaçıblar. O gün böyük bir qara it nəvəmin üstünə gəlib, axı belə şey olmaz. İtlər üçün xüsusi məntəqə olduğunu bilirik, dəfələrlə qonşular da zəng edib. Amma gəlmirlər. Əvvəllər aparıb öldürürdülər. İndi Balaxanı yolunda məntəqə açıblar, buna baxmayaraq, yenə doludur sahibsiz heyvanlar küçələrdə".

Qanunvericiliyin tələblərinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi vətəndaşların müraciətlərinə baxmalı, yerli icra hakimiyyəti orqanlarına ərazi üzrə profilaktik tədbirlərin görülməsi məqsədilə tövsiyələr verməlidir. Vətəndaşlar da öz növbəsində ictimai reaksiya verməli, hüquq-mühafizə orqanlarına, müvafiq rayonun polis bölmələrinə sahibsiz ev itlərinin yaratdığı təhlükə barədə məlumat verməlidir.

Maraqlıdır, sözügedən qurum əhalinin müraciətinə vaxtlı-vaxtında cavab verirmi?

Sualımıza aydınlıq gətirilməsi üçün Bakı Şəhər İcra hakimiyyətinin Balaxanıdakı Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinə baş çəkdik. İdarənin sözçüsü Mübariz Hüseynov hüzr yerində olduğunu deyib, suallarımızı şifahi cavablandırası oldu.

O, Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin əhalinin, idarə və müəssisələrin sorğusu əsasında işlədiyini qeyd etdi. Bildirdi ki, şəhərdə o qədər sahibsiz küçə itləri var, onları yığışdırmağı belə çatdırmırlar.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər görülür. İdarə tərəfindən ay ərzində təxminən 700-800 sahibsiz it götürülərək yoxlanılır. Hazırda 3 xüsusi təyinatlı maşın və 9 ovçu bu işlə məşğuldur. İtlər xüsusi ləvazimatlar vasitəsilə götürülür, heç bir işgəncə verilmədən - döyülmədən, öldürülmədən sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan xüsusi əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilir, quduzluğa qarşı vaksinlənir, bundan sonra birkalanaraq şəhərətrafı ərazilərə buraxılır. 2017-ci ildə mindən çox sahibsiz heyvan sığınacağa yerləşdirilib. Heyvanların qidalanmasına idarə ilə yanaşı, heyvansevərlər də yardım edir.

Sahibsiz küçə itlərinin daha çox Bakının qəsəbələrində nəzərə çarpdığını deyən Mübariz Hüseynov qeyd edib ki, Binə, Hövsan, Suraxanının kənar yerləri, Zabrat və Ələtdə belə itlər daha çoxdur. Sahibsiz itlərin insanların gözü qarşısında öldürülməsi, işgəncəyə məruz qalması isə yolverilməzdir.

Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin sözlərinə görə, Azərbaycanın bütün bölgələrindən quruma quduzluqla bağlı müraciətlər daxil olur. Hər il baytarlıq laboratoriyalarında sahibli və müvafiq qurumlar tərəfindən tutulmuş heyvanların müayinəsi təşkil edilir.

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsindən verilən məlumatlara istinad etsək, il ərzində 15 min nəfərin it dişləməsinin qurbanı olduğunu qeyd edə bilərik.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nın təsdiq edilməsi haqqında 38 saylı qərarının 6.4 bəndinə əsasən, yoluxucu xəstəliklərə tutulmuş ev heyvanları (o cümlədən sahibsiz heyvanlar) insan həyatı, yaxud ərazinin epizootoloji sabitliyi üçün təhlükə törətdikdə, baytar həkiminin rəyinə əsasən müəyyən edilmiş üsullarla öldürülərək məhv edilə bilər.

Azərbaycan 2007-ci ilin mayında Heyvan Hüquqlarının Qorunmasına dair Avropa Konvensiyasına qoşulub. Heyvanlarla amansız davranan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəzalara görə 500 manatadək cərimə edilməlidir.

Mütəxəssislər isə quduzluq xəstəliyinin müalicə olunmadığını, bu xəstəliyə yoluxmanın əksər hallarda ölümlə nəticələndiyini gizlətmirlər.

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın