12:40 07 Aprel 2020 350
Ana səhifə Xəbərlər

Sahil Babayev kimlərin birdəfəlik ödəmə ala biləcəyini açıqladı

"Karantin müddəti uzanarsa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək".

APA TV-nin məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, əgər ailədə 2 nəfər varsa və onlar işləmirsə, onlardan yalnız biri işsizliyə görə qeydiyyatdan keçə bilər: “Ötən il istifadəyə verilmiş Məşğulluq Alt Sistemi vasitəsilə artıq 100 mindən çox işsiz şəxsin uçotu tam şəkildə təmin edilib. Yerdə qalan insanların isə uçotu yoxdur. Çünki qeyri-formal sahədə işləyən insan hər hansı əmək müqaviləsinə malik olmur. Hər hansı bir işsizlikdən sosial sığortaya malik olmur. Əlbəttə onlar sosial cəhətdən ən çox zərbə alan insanlar olurlar”.

Nazir bildirib ki, sosial dəstək paketi 4 istiqamətdə həyata keçiriləcək və bütövlükdə 1 milyon 900 min insanı əhatə edəcək: “Bu məbləğin 100 milyonu dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiə Fondundan, 91 milyon manatı isə İşsizlikdən Sığorta Fondundan istifadə ediləcək. Yəni hazırda dövlət büdcəsi ilə yanaşı, digər dövlət qurumlarının da bütün ehtiyatları bu istiqamətə səfərbər edilib”.

Həmçinin nazir qeyd edib ki, əgər ailənin bir üzvü əmək haqqı alırsa, digər üzvünə birdəfəlik ödəmə verilməyəcək: “Ümumiyyətlə, xüsusi karantin rejimində dövlətin dəstəyi sosial cəhətdən həssas kontingentə yönəlir. Bu o demək deyil ki, bir ailə 2-3 dəstək növünü almalıdır, digər ailə kənarda qalmalıdır. Ona görə də bu alətin ana məqsədi ondan ibarətdir ki, kənarda qalan insanlara, ailələrə dəstək verək. Əgər ailənin bir üzvü əmək müqaviləsi üzrə işləyirsə və o, öz əmək haqqını alıbsa, onda həmin ailəyə ikinci bir dəstəyin verilməsi düzgün deyil”.

Qeyd edək ki, işsiz şəxslərin qeydiyyatı elektron sistem - www.e-sosial.az portalındakı "e-xidmətlər" bölməsində “Vətəndaşların iş axtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” e-xidməti tərəfindən aparılır.

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın