15:00 03 İyul 2020 340
Ana səhifə Xəbərlər

Sakinlər: “Fikirləşmirlər ki, sabah evlərinə bu virus yol aça bilər”

Maska tax, sosial məsafə saxla və gigiyena qaydalarına əməl et! Bu tip elan və posterlərlə şəhərin müxtəlif yerlərində - metro və dəmir yol vağzalında, avtobuslarda, dayanacaqlarda, insanların daha çox toplaşdığı ərazilərdə mütəmadi rastlaşa bilirik.

APA TV xəbər verir ki, hər addımbaşı virusun yarada biləcəyi təhlükə əhalinin diqqətinə çatdırılır. Lakin nə qədər ki, vətəndaş məsuliyyəti və sosial məsuliyyət arzu olunan səviyyədə deyil, effektiv nəticədən danışmaq da mümkün olmayacaq. Belə deməyimizə isə paytaxtda apardığımız müşahidələr əsas verir.

Belə ki, küçə və meydanlarda, xüsusilə parklarda əhali sosial məsafə gözləmədən, maskadan istifadə etmədən heç nə olmamış kimi həyatlarına davam edirlər. Ara-sıra vətəndaşlar post patrul xidmətinin əməkdaşlarının xəbərdarlığını nəzərə alıb maskadan istifadə etsələr də polisin ərazidən uzaqlaşması ilə yenə qaydalar pozulur:

Amma qoyulan qaydalara əməl edən vətəndaşlar da az deyil. Elə Əhməd Məmmədov kimi: “Mən inanıram ki, bu xəstəlik var. Kimlərsə inanmır. Həmin adamlar fikirləşmir ki, sabah evlərinə bu virus yol aça bilər. Xəstəlik təzə başlayanda mən yaxınlarımda gördüm xəstəliyi, ona görə inanıb, qaydalara hər zaman əməl edirəm”.

Səkinə Quliyeva da vətəndaşları qaydalara əməl etməyə çağırır: “Əvvəl heç kim inanmırdı ki, bu xəstəlik var. İndi ətrafımızdakılar yoluxandan sonra inandıq və bütün gücümüzlə qaydalara əməl etməyə çalışırıq ki, yoluxmayaq. Qaydalara əməl etmək hər kəsin özünə xeyirdir. Bir çox insanların maska taxmaması onların inamsızlığından irəli gəlir. Bəzilərinin isə vecsizliyindən. Düşünürlər ki, yalandı. Çox adam var idi ki, deyirdi mənə heç nə olmaz, amma elə ilk onlar yoluxdular, biz işimizi ehtiyatlı tutaq”.

Ehtiyatı əldən verməyib qoyulan qaydalara əməl edən şəxslərlə yanaşı səhhətinə, eləcə də, cəmiyyətə qarşı biganəlik göstərib qaydaları pozanlarda az deyil.

Belə ki, ötən gün paytaxtın Səbail rayonunda COVID-19 testinin nəticəsi pozitiv çıxan Bibiheybət qəsəbə sakini, 1994-cü il təvəllüdlü Həmid Məmmədzadə ev şəraitində müalicə təyin edildiyi halda o yaşayış yerini tərk edib. Səbail Rayon Polis İdarəsinin əməkdaşları onu mağazalardan birindən tapıb və aidiyyəti üzrə müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğundan fakta görə, Cinayət Məcəlləsinin 139.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, bu hələ işin görünən tərəfidir. Görünməyən isə koronavirusa yoluxub bu xəstəliyi yüngül şəkildə keçirən yüzlərlə şəxsin qaydalara əməl etməməsi səbəbindən digərlərini yoluxdurması ehtimalıdır. Bunun nəticəsi isə gözləniləndən daha ağır ola bilər:

Bütün bunları nəzərə alaraq Səadət Əhmədova da özünü və ətrafındakıları qorumaq üçün qoyulan qaydalara əməl edir: “Bu xəstəlik var, hər birimiz özümüzü qorumalıyıq. Hesab edirəm ki, inanmamaq savadsızlıqdan irəli gəlir. Onlar dərk eləmirlər ki, belə bir xəstəlik var və bu nə qədər ciddi xəstəlikdir”.

Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri Aygün Rüstəmxanlı virusa yoluxan insanları evdən çölə çıxmamağa çağırır: “Nəzərə alsaq ki, bir xəstə bir gün ərzində iki xəstəni yoluxdurur və iki xəstədə daha neçə nəfəri yoluxdurur 14 gündən sonra bu rəqəmin sayı minlərlə ola bilər və bu artım həndəsə silsilə ilə arta-arta gedər. Virusa yoluxub ev şəraitində müalicə alan şəxslərin digər hər hansı bir insanla təması qadağandır. Tez bir zamanda bu bəladan qurtarmaq üçün əl-ələ verib bərabər mübarizə aparmalıyıq”.

Artıq günümüzün acı reallığına çevrilən koronavirus infeksiyası sərhəd tanımır. Kimsə belə bəlalardan sığortalanmayıb. Odur ki, hamımız ciddi düşünməliyik. Bəşəriyyətin və özümüzün xilası üçün həmrəy olmalıyıq.

İlahə Vəliyeva

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın