18:26 15 İyul 2020 457
Ana səhifə Xəbərlər

Şamaxıda sel gölü dağıtdı, 15 ton balıq tələf oldu

Güclü leysan yağışları, sel, külək və dolu Şamaxı rayonunda fəsadlar törədib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, yağışlar nəticəsində rayon ərazisindən keçən Acıdərə çayına güclü sel gəlib.

Nəticədə həmin çaydan qidalanan və süni yaradılmış balıqçılıq gölünün bəndi uçub və suyun daşması nəticəsində ətraf kəndlərin meyvə bağlarını, həyətyanı sahələri və yolları su basıb.

Gölün dağılması nəticəsində kəndlərə su axını 3 saat davam edib, balıqçılıq gölündə su tamamilə azalıb. Sahibkarın sözlərinə görə, göldə 15 tona yaxın müxtəlif növdən olan balıqlar saxlanılırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub.

Sel suları Qobustan rayonunun Təsi, Şamaxı rayonunun Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sıradan çıxarıb. Çıraqlı-Acıdərə yolu sel səbəbindən 5-6 saat bağlı olub, nəticədə sürücülər yolda qalıb. Bəzi insanlar yolu piyada getmək məcburiyyətində qalıb.

Gölün yaxınlığında yerləşən meyvə ağacları taxıl sahələri və əkin sahələrinin suvarılmasını təmin edən borular da istifadəyə yararsız hala düşüb. Sakinlərin sözlərinə görə, bir neçə inəyi də sel aparıb. Həmçinin güclü külək, dolu və leysan yağışı Şamaxının Çöl Göylər kəndində bir sıra fəsadlar törədib. Kənddə bəzi evlərin dam örtüyü dağılıb, elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elektrik enerjisinin verilişi dayanıb, meyvə-tərəvəz məhsulları tələf olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın