22:14 24 Yanvar 2021 126
Ana səhifə Xəbərlər

Şamaxıda vulkan püskürüb

Şamaxı rayonunun Quşçu kəndi ərazisində vulkan püskürüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə vulkan püskürməsindən öncə ərazidə güclü uğultu səsi eşidilib. Sonra 15 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 2 hektar ərazidə torpağın üz səthinə yayılıb. Təxminən 60-70 metr hündürlüyə qalxan palçıq vulkanı qaz uğultusu səsi ilə müşaiyyət olunub. Palçıq vulkanları üçün xarakterik olan alov sütunu bu dəfəki püskürmə zamanı qeydə alınmayıb. Hazırda püskürmə dayansa da ocaqda qaynamalar davam edir. Püskürmə zonasından 150 metr aralıda evlər yerləşir. Vulkan püskürməsi nəticəsində kənd sakinlərinin əkin sahəsi yararsız hala düşüb, silkələnmə nəticəsində 3 fərdi yaşayış evinin divarında çatlar əmələ gəlib.

Vulkanın püskürdüyü ərazidə xırda tektonik çatlar əmələ gəlib. Vulkan püskürən əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları baxış keçirib. Məlumat verilib ki, Quşçu palçıq vulkanı 3 püskürmə mərkəzindən ibarət olmaqla Azərbaycanın ən aktiv plaçıq vulkanlarından biridir. Quşçu vulkanı ötən 2 əsr ərzində sayca 16-cı dəfədir ki, püskürür. Ənənəvi olaraq həmişə püskürən vulkan sahəsi şimalda yerləşir, indi isə ilk dəfə olaraq cənubda vulkan püskürüb. Bu da son vaxtlar regionda baş verən seysmik aktivliklə əlaqəlidir. Hazırda mütəxəsislər tərəfindən ərazidə monitorinqlər davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın