13:20 07 Dekabr 2019 109
Ana səhifə Xəbərlər

Şamaxının zəlzələdən sonrakı bərpası yekunlaşır - REPORTAJ

Dekabrın 5-də Prezident İlham Əliyev zəlzələdən ziyan çəkmiş ailələr üçün tikilən yaşayış binası ilə tanış olmaq məqsədilə Şamaxıya gəlib.

APA TV-nin xəbərinə görə, ölkə başçısı sakinlərdən birinin qonağı olub və çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edib.

Söhbət əsnasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına ərazidə görülən işlər haqqında danışıb.

Biz də APA TV olaraq həmin əraziyə yollandıq. Yeraltı təkanlar zamanı dağılıb yararsız hala düşən evlərin yerində yeni mənzillərin inşası mümkün olmadığına görə, şəhərin 20 Yanvar küçəsində 4 mərtəbəli, 44 mənzilli, 2 girişli binanın tikintisi artıq başa çatıb. Prezident İlham Əliyevin iştirakı ilə bina artıq sakinlərin istifadəsinə verilib.

Zəlzələdən öncə ərazidə 1 mərtəbəli 18 mənzilli bina yerləşib. Lakin bu ilin fevralında baş verən yeraltı təkanlar nəticəsində bina qəzalı hesab olunduğundan, yenidən tikilməsinə qərar verilib. Artıq tikinti tam olaraq başa çatıb və sakinlər yeni evlərinə köçüb.

Elə biz də həmin sakinlərdən olan və ölkə başçısı İlham Əliyevin də qonaq olduğu Həsənovlar ailəsinə baş çəkdik. Ev sahibləri yaradılan şəraitdən məmnun olduqlarını bildirdilər. Fərdar Həsənovun sözlərinə görə, ev bərbad vəziyyətdə idi: “Yaşayışa yararlı deyildi və istismar müddəti bitmişdi. İndi şərait əladır. Hər bir şəraiti - istilik sistemi, qazı, suyu, işığı var. Otaqlar genişdir və tələbata uyğundur”.

Xuraman Həsənova yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib: “Zəlzələ nəticəsində başımıza bu iş gəldi. Allah-Allah deyib oturmuşduq. Şükür Allaha möhtərəm prezidentimiz uçan evləri təmir etdirdi, bu cür binalar tikdirdi. Bizə ev verənlərə, bu işi görənlərə, tikənlərə Allah kömək olsun. Prezidentimiz sağ olsun”.

Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsi üzrə qərargah rəisi Həsən Qasımzadə evinə dəymiş ziyanla bağlı 10650 vətəndaşın komissiyalara müraciət etdiyini deyib. Bildirib ki, həmin müraciətlərdən 10609 baxış keçirilib və müvafiq aktlar tərtib edilib: “Komissiyanın rəyinə görə, region üzrə 580 ev qəzalı hesab edilib, 2086 evdə bərpa işlərinin aparılması nəzərdə tutulub. 4826 evdə təmirə ehtiyac olduğu komissiya tərəfindən təsdiq olunub”.

Bu günə kimi 453 fərdi ev tikilərək vətəndaşların istifadəsinə verilib. 127 evdə isə tikinti davam edir. Onlar da bu ilin sonuna kimi istifadəyə veriləcək.

Sakinlər yaradılan şəraitdən razıdır: “Zəlzələdə evin divarları sanki havadan asılı qalmışdı. Bizi təcili evdən çıxardılar. Prezidentin sərəncamı ilə bizim ev söküldü, bərpa olundu”.

2806 evdə bərpa işləri davam etdirilir. Onlardan 1798-də işlər yekunlaşıb, yaşayış var. 191 evdə isə tamamlanma işləri davam etdirilir. Bundan əlavə Aşıq Məmmədağa küçəsində 110 mənzilli 3 binanın ilin sonuna təhvil veriləcəyi gözlənilir.

Elvin PAŞAZADƏ,

Vətən Sadatlı,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın