02:40 05 İyun 2020 421
Ana səhifə Xəbərlər

Samir Şərifov: “Hesablama Palatasının rəyindəki bəzi fikirlərlə razı deyilik”

“Dövlət büdcəsinin təməli onun düzgün proqnozlaşdırılmasından çox asılıdır”.

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, proqnozlaşdırılmada yeni qaydalara müvafiq olaraq təşkilatların sektor strateji planlarına ciddi önəm verilməsi vacib amillərdəndir.

2019-cu ilin dövlət büdcəsində əməyin ödəniş xərci üzrə 82,0 milyon manat qənaət yarandığını deyən komitə sədri onu da bildirib ki, bu, əsasən, büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır. Deputat hesab edir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vakant yerlərə işçilərin götürülməsi üçün dövlət qulluğuna qəbulla bağlı qaydalarda mövcud olan prosedurlar sadələşdirilməli, təşkilatların rəhbərlərinə bu sahədə bəzi sərbəstliklər verilməlidir.

“2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar üçün vacib məsələlərdən birinin Hesablama Palatasının rəyi olduğunu deyən Maliyyə naziri Samir Şərifov isə bildirib ki, Palatanın rəyində müəyyən fikirlər var və biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik. Amma bu, normal bir prosesdir. Fikrimcə bu, demokratiyanın bir növüdür. Biz bu məsələlərə çox hörmətlə yanaşırıq deyə nazir bildirib.

Müzakirələrdən sonra “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsverməyə çıxarılaraq, birinci oxunuşda qəbul edilib.

Daha sonra Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında məsələ də müzakirəyə çıxarılıb. Komissiya üzvləri sırasına Adil Əliyev, Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev, Səfa Mirzəyev daxil edilib.

İlahə Vəliyeva

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın