22:00 04 Dekabr 2019 487
Ana səhifə Xəbərlər

Sarı “Jiquli”, şahid uşaqlar, kabus yaşayan kənd - İTKİN QIZDAN XƏBƏR YOXDUR

“Ötən ayın 21-də Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Quliyev Nərmin itkin düşüb. Atasının sözlərinə görə, qızı həmin gün bu evdən çıxıb və qayıtmayıb”.

Artıq 2 həftəyə yaxındır ki, babası evindən çıxıb, naməlum şəraitdə itikin düşən 10 yaşlı qızdan xəbər yoxdur.

APA TV-nin qərb bürosunun məlumatına görə, Nərminin yoxa çıxdığını böyük bacısı Şəbnəm birinci hiss edib. Şəbnəm deyir ki, Nərmin yoxa çıxmazdan təxminən 1 saat öncə evə gələndə yanında naməlum avtomobil dayanıb, onu evə aparmağı təklif edib. Şəbnəm isə onu tanımadığı üçün həmin maşına minməyib.

Hadisə baş verən gün Nərminin valideynləri əmisi evində olub. Nərmin evlərinə tək getməli olub. Bir neçə saatdan sonra onun itdiyi məlum olub. Nərminin arxasınca bacısı Şəbnəm çıxıb, evlərinə tərəf gedib. Böyük bacı deyir ki, onun yanında dayanan avtomobilin içində qara eynəkli adam olub.

10 yaşlı qızın atası Şərif Quliyev bildirib ki, o qıza evə gedib, onun gödəkçəsini gətirməyi tapşırıb. Özü isə qonşuluqda toy məclisində olub. Qız isə yoxa çıxıb.

Şərif Quliyev həmin sarı rəngli maşının bir dəfə kənddə göründüyünü deyir. Bir neçə gün əvvəl sözü gedən maşını saxlayıb, kənd uşaqlarına da onları evlərinə aparmaq təklif ediblər. Uşaqlar maşındakıları tanımadığı üçün imtina edib.

Ata iddia edir ki, onun övladını ya maşın vurub, ya da oğurlayıblar, başqa heç nə ola bilməz.

Qonşular hadisədən səhər tezdən xəbər tutub. Nərmin axırıncı dəfə babası evindən çıxanda onu sinif yoldaşları görüb.

İki gün əvvəl Nərminin meyitinin kəndin yaxınlığında qəbiristanlıqda tapılması barədə məlumatlar yayıldı. APA TV-nin çəkiliş qrupu sözügedən kəndə gedib, Nərminin ailəsində olub. Onun barəsində hələlik heç bir məlumat yoxdur.

Kənd camaatı təşviş içindədir. İnsanlar düşünür ki, Nərminin başına gələn sabah onların da övladının başına gələ bilər.

Nərmin nənəsi hamıdan çox nigarandır. Nərmin ən çox istədiyi nəvəsidir.

Tovuz rayon Polis Şöbəsindən bildirdilər ki, Nərminin axtarışları gecə-gündüz davam edir. Kənd sakinləri də uşağın axtarışlarına başlayıb. Ümid edək ki, bu narahatlıq və nigaranlığın ömrü az olsun.

Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın