16:04 27 Fevral 2021 118
Ana səhifə Xəbərlər

Satışa çıxarılan məhsullar fərqli qiymətdə - HƏFTƏSONU YARMARKALARI DAVAM EDİR

Paytaxtın Nərimanov rayonunda metronun Gənclik stansiyası yaxınlığında növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil edilib. Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunub.

APA TV xəbər verir ki, yarmarka karantin rejiminin tələblərinə tamamilə əməl olunmaqla keçirilir. Belə ki, yarmarkaya gələn hər bir kəs əvvəlcə girişdə dezinfeksiya edilir, daha sonra məhsullara əllərini toxundura bilərlər.

Yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir.

Satıcı Zenfira İmanova satıcı da yarmarkada məhsullarını satışa çıxardıb: “Hazırda Daşkəsənin dağlarından yığdığım çiçəkləri gətirib burda satıram. Həm də özüm balçıyam bal məhsulları satışa çıxarmışam. Qiymətlər aşağı olsa da hazırda rayondan gətirib burda satmaq bizə sərf edir”.

“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev sözlərinə görə, yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir: “Yarmarkada əvvəlcədən qeydiyyatdan və tibbi müayinədən keçən fermerlər iştirak edirlər. Onlar ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunublar. Yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya tədbirləri aparılır, yarmarkaya daxil olan vətəndaşların temperaturları ölçülür, ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunur”.

Yarmarkaya üz tutan şəhər sakinləri bolluqdan razıdırlar. Alıcılar yarmarkada satışa çıxarılan məhsulların qiymətinin digər topdan və pərakəndə satış məntəqələri ilə müqayisədə münasib olduğunu deyirlər:

“Qiymətlərində fərq var. Dükanlardan, digər bazarlardan bura daha ucuzdur.”

“Bura bizə yaxındır. Həm də marketə baxanda burda ucuzluqdu. Hazırda göyərti, gül kələmi almışam. Bunlar marketdə bahadır”.

“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev qiymət barədə də məlumat verib: “Yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini diqqətinizə çatdırmaq istəyirəm.

Kartof 0.55 AZN-dən

Soğan 0.65 AZN-dən

Alma 0.60 AZN-dən

Pomidor 1.00 AZN-dən

Mandarin 1.80 AZN-dən

Portağal 1.70 AZN-dən

Badımcan 1.30 AZN-dən

Kələm 0.50 AZN-dən

Çuğundur 0.65 AZN-dən

Kök 0.60 AZN-dən

Yumurta 0.25 AZN

Xurma 0.80 AZN

Nar 1.50 AZN-dən

Göyərti 0.15 AZN

Heyva 0.80 AZN”

“Yarmarkaya gələn hər bir alıcı bura balıq məhsullarını da fərqli qiymətə əldə edə bilərlər. Belə ki, farel balığı 13 manata, dəniz sazanı 7 manata, xanı balığı 8 manata, belamur isə 9 manatadır”.

Mayis Musayev fermerlərə müraciət edib: “Yarmarkada iştirak etmək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzi olan 1652-yə və ya 050 400 88 99 qaynar xəttə zəng edib qeydiyyatdan keçə bilərlər. Eyni zamanda “Aqrar Tədarük və Təchizat” ASC-nin regional idarələrinə məlumat verib qeydiyyatdan keçə bilərlər. Bütün bu imkanlar fermerlər üçün ödənişsiz təqdim olunur. Piştaxtalar və yarmarkada olan avadanlıqlarla fermerlər pulsuz təmin olunur”.

Qeyd edək ki, “Kənddən şəhərə” həftəsonu yarmarkası Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanında təşkil edilir.

İlahə Vəliyeva

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın