11:10 10 Sentyabr 2020 369
Ana səhifə Xəbərlər

Saxta ehtiyat hissələri bazarı başına götürüb: nə etməli? - ARAŞDIRMA

Ölkəmizdə avtomobil sahibləri üçün ehtiyat hissələrinin seçilməsi çətin və problemli məsələdir. Çünki xarici brend məhsulu adı altında bir sıra saxta məhsullar satılır. Hər dəfə təmir zamanı avtomobil sahibi orijinal adı ilə piştaxtada olan eyni təyinatlı ehtiyat hissələri arasında seçim etmək məcburiyyətində qalır. Sürücülərin əksəriyyəti isə bu cür imtahanda çox vaxt uğursuz nəticə ilə ayrılırlar.

APA TV xəbər verir ki, vətəndaşlar orijinal adı ilə saxta bir ehtiyat hissəsini, həm də baha qiymətə aldıqlarını anlaya bilmirlər. Bir çox hallarda isə məhsulun saxta olmasını təmir zamanı elə ustaların özündən öyrənmiş olurlar.

Müsahibimiz Aybəniz İbrahimova da aldadılan müştərilərdən olduğunu iddia edir: “3-4 gün bundan əvvəl burdakı mağazadan maşın üçün bir ədəd benzin nasosu, bir yağ filtri, bir dənə də maşın “nakladka”sı aldım, apardım maşını düzəltdirməyə. Usta dedi ki, bunlar firma malı deyil, saxta məhsullardır. Mən məhsulları alanda oranın işçilərinə dedim ki, mənə təmiz mal verin, ondan sonra satıcı gedib malı dəyişdirdi, dedi, xala, bundan arxayın olun, təmiz maldır. Usta yağ nasosunun saxta olduğunu deyəndən sonra gətirdim həmin malı daha baha qiymətə dəyişdim”.

Şikayətçi deyir ki, digər iki məhsulu da yoxlatdıran zaman onların da saxta olduğu ortaya çıxıb. Aldadıldığını görən xanım sürücü bu dəfə yolunu mağazadan deyil, Xətai Rayon Polis İdarəsindən salıb: “O biri iki məhsulu da apardım ustaya, baxıb dedi, bu mallar da saxtadır. Sözün düzü, mənə çox pis təsir etdi ki, onlar məni niyə aldadır. Ona görə bir də mağazaya getmədim, gedib Xətai Polis İdarəsində ərizə yazdım, şikayətçi oldum”.

Məsələni araşdırmaq üçün elə şikayətçi Aybəniz İbrahimova ilə bərabər sözügedən mağazaya baş çəkdik. Mağazanın satıcıları israrla bildirdilər ki, onların satdıqları hər bir mal firmalar tərəfindən xarici ölkələrdən orijinal olaraq gətirilir. Satdıqları hər bir mala da zəmanət verirlər. Əgər məhsulu alan müştəri malın saxta olduğunu iddia edərsə, o zaman ekspertizaya müraciət edə bilər və ya məhsulu dəyişdirmək imkanına sahibdir.

Avtomobil ustası Əli Sultanov isə deyir ki, bu gün maşın bazarında kifayət qədər saxta avtomobil ehtiyat hissələri var. Həmin saxta cihazları istehsal edən saxtakarlar məhsulu elə istehsal edir ki, hətta bəzən orijinalından seçmək belə çətin olur: “Gördüyünüz bu iki cihazdan biri orijinaldır, digəri isə saxta. Maraqlı odur ki, saxtanın dizaynı və görünüşü orijinaldan daha diqqət çəkicidir. Orijinalda xüsusi kodlar olur, amma saxtada bu olmur”.

Ustadan onu da öyrəndik ki, baş verən qəzaların əksəriyyəti saxta ehtiyat hissələri ucbatından baş verir. Ona görə də müştərilər cihaz alarkən maksimum ehtiyatlı olsunlar, tanımadıqları və satdığı məhsula zəmanət verməyən mağazalardan alış veriş etməsinlər:

“Müştəri malı alıb gətirir ustaya, biz baxırıq, deyirik normaldır. Amma usta da dəqiq deyə bilməz. Çünki həmin cihazı yalnız maşının üstünə qoyub işlədəndə bilmək olar ki, bu necə maldır, keyfiyyəti necədir. Bir də müştərinin istehsalçı şirkətə önəm verməsi vacibdir. Həmin şirkətin Azərbaycanda nümayəndəliyi varmı, cihaz saxta və ya xarab çıxanda ona kim cavabdeh olmalıdır? Bütün bunlar vacib şərtdir”.

Bəs müştərilərin hüquqları pozulduğu halda qanun nə deyir?

Hüquqşünas Kamandar Hüseynov deyir ki, mülki qanunvericiliyə əsasən, malların alınması, satılması və yararlılığı məsələsi alıcı və satıcının birbaşa qarşılıqlı razılığından asılıdır. Bu məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir. Əgər satılmış malın keyfiyyətində, çeşidində hər hansı bir problem yaranarsa, standartlara uyğun olmazsa, bu zaman alıcı həmin malı satıcıya 14 gün ərzində qaytarmaq və ya digər bir malla dəyişdirmək hüququna malikdir: “Bundan əlavə, həmin malın istifadə edilməsinə görə maldan törəmə hər hansı ziyan dəyərsə, o zaman alıcı həmin ziyanı da satıcıdan tələb edə bilər. Əgər satıcı ilə alıcı arasında bununla bağlı ortaq məxrəcə gəlmək mümkün olmazsa, hər hansı bir ziddiyyət, mübahisə yaranarsa, o zaman satıcının hüququ var ki, həmin cavabdehin qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət etsin, mülkü qaydada iddia qaldırsın. Ona vurmuş mənəvi ziyanı tələb etsin”.

Hüquqşünas deyir ki, şikayətçi Aybəniz İbrahimova hüquq-mühafizə orqanlarına müraciət edibsə, bu zaman həmin qurum araşdırma apararaq tərəfləri dinləyəcək. Əgər əməllərində hər hansı bir cinayət və ya inzibati tərkib olmasa, o zaman cinayət işi başlanması rədd olunub tövsiyə olunacaq ki, aidiyyəti üzrə məhkəmə orqanına müraciət olunsun.

İlahə Vəliyeva,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın