00:40 18 Fevral 2020 193
Ana səhifə Xəbərlər

“Sədərək” Ticarət Mərkəzində yanğın belə söndürüldü - REPORTAJ

“Sədərək” Ticarət Mərkəzində səhər saatlarında başlayan yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölmələri tərəfindən tamamilə söndürülüb. Yanğın Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında yerləşən tekstil mağazasından başlayıb və qısa müddətdə qonşu mağazalara da keçib”.

Hadisə şahidlərinin bildirdiyinə görə, hadisə səhər saat 7:39-da başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 23 texnika və 125 nəfər canlı qüvvəsi, Xüsusi Riskli Xilasetmə Xidmətinin 90 əməkdaşı, həmçinin Daxili İşlər Nazirliyi Çevik Polis Alayının əməkdaşları cəlb olunub.

Mağaza sahibləri bildirir ki, Ticarət Mərkəzinin bütün zona və sıralarında elektrik xətlərindən uzun müddətdir şikayət edirdilər. Lakin onlara qulaq asan olmayıb.

Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim deyir ki, mağazaların əksəriyyətinin sığortası yoxdur. Amma hansı mağazaların sığortası olsa, onların sahiblərinə kömək ediləcək.

Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzovun sözlərinə görə, hadisə barədə məlumat aldıqdan sonra dərhal ərazi üzrə Qaradağ rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğın yerinə cəlb olunub: “Yanğın bir saat ərzində yanğın bölmələri tərəfindən lokallaşdırılıb. Yanğın 900-1000 kvadrat metr ərazini əhatə edib. Yanğının söndürülməsi zamanı həm yanğından mühafizə bölmələrinin əməkdaşları, həm də ticarət mərkəzinin işçiləri arasında xəsarət alan olmayıb. Çox ehtimal ki, hansısa mağazada elektrik cihazı işlək vəziyyətdə qalıb və qısaqapanma nəticəsində yanğın olub. Digər amillər də araşdırılır”.

Qərargah rəisi həmçinin bildirib ki, Ticarət Mərkəzinin mağazalarındakı tekstil malları yanğının sürətlə yayılmasına səbəb olub.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində ötən illərdə də bir neçə dəfə yanğın baş verib.

Səfər Əlizadə

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın