18:08 15 Sentyabr 2020 236
Ana səhifə Xəbərlər

Səfir: “İran heç bir vəchlə icazə verməz ki, Azərbaycanın əleyhinə...”

"İranın torpaqları bir müddət işğal altında qalıb. Heç bir xalq işğalı qəbul etmir. İşğal və işğalçılıq İran üçün qırmızı xətdir. İranın özəl və ya dövlət şirkəti Ermənistana səfər etsə belə, onların Dağlıq Qarabağa səfər etmə haqqı yoxdur. Bunu hamı bilir".

APA TV-nin xəbərinə görə, bunu İranın Azərbaycandakı yeni səfiri Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir sosial mediada yayılan xəbərlərə ehtiyatla yanaşmağı məsləhət görüb: "İranlı biznesmenlərin Ermənistanla münasibətləri ola bilər, lakin onlar bilirlər ki, Dağlıq Qarabağla heç bir əlaqə ola bilməz. Bizim üçün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi önəmlidir. Azərbaycanın tam haqqıdır ki, öz torpaqlarını sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində azad etsin. İran dəfələrlə bəyan edib ki, sülh yolu ilə münaqişənin həllinə vasitəçilik etməyə hazırdır. Regionun münaqişələri çəkməyə taqəti yoxdur və regionumuz belə münaqişələrlə üzləşməməlidir. Amma Dağlıq Qarabağ münaqişəsi elə həll olunmalıdır ki, Azərbaycan öz haqqı çatanı ala bilsin".

Səfir qeyd edib ki, İran və Azərbaycan sərhədləri pandemiya dövründə praktiki olaraq bağlanmayıb. Bu müddətdə iki ölkə arasında ticari yüklərinin daşınmasına hər cür şərait yaradılıb.

Seyid Abbas Musəvi deyib ki, iki ölkə COVID-19 pandemiyasının iqtisadi layihələrə mane olmaması üçün əlindən gələni edir.

Bundan əlavə, səfir İranın Azərbaycan və Türkiyə ilə münasibətləri digərlərinə nümunə olduğunu da vurğulayıb.

Diplomat bildirib ki, Azərbaycan və İran prezidentlərinin iştirakı ilə geniş tərkibli videokonfrans keçiriləcək: “İki ölkənin rəhbərlərinin iradəsi budur ki, ölkələrimiz arasında əlaqələr yaxın olsun. İqtisadi əməkdaşlıq üçün böyük potensial var və əminəm ki, biz bu potensialdan daha yaxşı yararlana bilərik. İqtisadi əməkdaşlıqla bağlı 30-a yaxın layihəmiz var, 14 layihəni bu il həyata keçirmək istəyirik. Bu, nəqliyyat, enerji, kənd təsərrüfatı və tibb sahələri ilə bağlıdır”.

Son olaraq səfir qeyd edib ki, iki ölkə arasındakı mehriban münasibətlərin çoxlu düşməni var, lakin onları sevindirmək olmaz. İran heç bir vəchlə icazə verməz ki qonşu, dost, müsəlman Azərbaycan Respublikasının əleyhinə hansısa hərəkət yürüdülsün. Diplomat İran ərazisindən Ermənistana hər hansı silah və hərbi texnikanın daşınması barədə xəbərləri təkzib edib.

Elvin Paşazadə,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın