08:00 06 Dekabr 2019 106
Ana səhifə Xəbərlər

Səfirlər, jurnalistlər, sənətçilər bağban oldu - MÜŞFİQABADDA MEŞƏ SALDILAR

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə aksiyasına xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri, media işçiləri, incəsənət adamları da qoşulub.

APA TV-nin məlumatına görə, aksiyanın müsbət tərəfləri barədə BMT-nin Azərbaycandakı nümayəndəsi Melek Çakmak bildirib ki, Azərbaycan neft ölkəsi olduğundan xüsusilə Abşeron ərazisi tez-tez çirklənməyə məruz qalır və təşəbbüs alqışlanmalıdır: “Meşələr Azərbaycan torpaqlarının 12 faizini təşkil edir. Bu aşağı göstəricidir. Türkiyədə və Avropada, səhv etmirəmsə, bu göstərici 30 faizdir. Lakin ölkənin torpaqları biomüxtəliflilik baxımından çox zəngindir. Bu aksiya sadəcə Azərbaycana yox, eləcə də qlobal ölçüdə fayda göstərəcək. Hər kəsi ağac əkməyə dəvət edirəm”.

Aksiyada iştirak edən İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari aksiyanı həm ətraf mühit, həm də sağlamlığımız baxımından müsbət dəyərləndirib: “Sizin də bildiyiniz kimi gələn ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin Romaya rəsmi səfəri ilə bağlı plan hazırlanıb. İki ölkənin nazirlikləri arasında ətraf mühitlə bağlı razılaşma hazırlıq mərhələsindədir və ümid edirik ki, gələn il Prezident Əliyevin ölkəmizə rəsmi səfəri çərçivəsində bu razılaşma imzalanacaq”.

Müğənni Tünzalə Ağayeva və aktyor Bəhram Bağırzadə də ağac əkirdi: “İstənilən insan, peşəsindən asılı olmayaraq niyə də belə savab iş görməsin. Dəfələrlə belə aksiyalar keçirilib. Bu birinci deyil. Mən ilk dəfədir ki, belə aksiyada iştirak edirəm, çox sevinirəm çox xoşdur mənə”.

“Mən də sevinirəm. Çünki uşaqlıq arzum həyata keçdi. 48 ədəd ağac əkdim. Sağ olsunlar minnətdaram. Öz yaşıma uyğun”.

Müşfiqabad qəsəbəsində keçirilən bu aksiyada “ APA Group” əməkdaşları da iştirak edib. Əməkdaşlarımız “ APA Group” üçün ayrılmış cərgədə ağaclar əkiblər.

Xatırladaq ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” münasibətilə keçirilən aksiyada ölkə ərazisində 650 min ağac əkiləcək. Aksiya 1-ci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın