14:04 19 Yanvar 2021 115
Ana səhifə Xəbərlər

Şəhid anası: “Polad Həşimovun anasından artıq deyiləm ki...”

44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olanlardan biri də Sumqayıt şəhərinin Corat qəsəbə sakini 26 yaşlı Əzizağa Dadaşovdur.

APA TV-nin xəbərinə görə, uşaq yaşlarından atasız böyüyən Əzizağa zəhmətkeş və vətənə bağlı olub.

Evin yeganə oğul övladı olan Əzizağanın çiyinlərinə hələ 15 yaşından ailənin yükünü daşımaq düşüb. Üç bacının bir qardaşı olan Əzizağa ailəsindən halallıq alaraq Vətən Müharibəsinə yollanıb. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabrın 15-də anası Həlimə Məmmədova ilə danışdıqdan bir neçə saat sonra isə şəhidlik zirvəsinə yüksəlib: “Bir gündən bir, iki gündən bir zəng edirdi, hal-əhval bilirdi. Nə bilim, axırıncı dəfə halallıq aldı məndən. Çox pis oldum. Ayın 15-i gündüz danışmışdım onunla. Sonra axşama zəng etmədi. Axşamüstü idi. Sonra elə bilirsən ki, iki gün, üç gün zəng eləmədi. Biz də dedik ki, yəqin döyüşdədir, ona görə. Sonra xəbər bildik ki, şəhid olub”.

Yeganə oğlunu itirməsinə baxmayaraq, Həlimə xanım qəddini dik tutmağa çalışır: “Uşaq şəhid olandan sonra hərdən mənə sual verirdilər. Deyirdim ki, Polad Həşimovun anasından artıq deyilik ki, biz. Vətən uğrunda gedib, neyniyək? Bir mənim uşağım deyil ki. 3000 şəhid var. Hamı necə, mən də elə. Bir uşaqdır, düzdür, ana üçün ağırdır. Tək uşaq idi, tək övlad idi. Ancaq ki, fəxr edirəm ki, bu vətən üçün aldılar gəldilər”.

Qardaş itkisi bacı üçün çox ağır olsa da, onun vətən uğrunda şəhid olması ilə təsəlli tapır Bibixanım Dadaşova. Əzizağa qızğın döyüşlərdə olmasına baxmayaraq, bacısının doğum gününü də unutmayıbmış: “Ad günümdə zəng vurmuşdu. Oktyabrın 9-u ad günüm idi. 8-i zəng elədi. Dedi ki, bacı, mən birdən ayın 9-u zəng vura bilmərəm, vaxt olmaz. Döyüş vaxtıdır. Səni təbrik edirəm. Axşamtərəfi idi. Zəng elədi, təbrik elədi. Bir az danışdıq. Dedim, özündən muğayat ol. Dedi, narahat olma, hər şey yaxşıdır, hər şey əladır. Burda da yaxşıdır uşaqlar da, biz də”.

Qohumlarının sevimlisinə çevrilən Əzizağa yaşadığı həyətdə göyərçin saxlayırmış. Vətən Müharibəsinə yollananda yeznəsi Səməd Mürvətova vəsiyyət də edibmiş: “Göyərçin saxlayırdı. Həvəskar idi. Özü döyüşdə olanda mənə zəng elədi dedi ki, ola bilsin, gəlmədim, şəhid oldum. Göyərçinləri apar, məndən xatirə saxla. Mən də dedim ki, ola bilməz. Dedi ki, həyatdır, Allahın işidir, ürəyimə gəlib ki, bəs belədir də, şəhid olacam”.

26 yaşlı şəhidimiz Əzizağa Dadaşov Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın