11:14 13 Mart 2021 87
Ana səhifə Xəbərlər

Şəhid atası: “Komandiri gəldi evimizə, gedənə kimi ağladı”

44 günlük Vətən müharibəsinin xüsusi təyinatlı şəhidi Rövlan Qurban oğlu Məmmədov torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən ən gərgin döyüşlərin iştirakçılarından biri olub.

APA TV-nin məlumatına görə, peşəkar rabitəçi kimi Kəlbəcərin və Murovdağ silsiləsinin azad olunmasında həyata keçirilən döyüş əməliyyatlarında iştirak edən 19 yaşlı Mövlan daha sonra cəbhənin Füzuli-Cəbrayıl istiqamətinə göndərilib.

Cəbhənin cənub istiqamətində də adından söz etdirən qəhrəmanımız 2020-ci il oktyabrın 15-də - Vətən Müharibəsinin 19-cu günü şəhidlik zirvəsini fəth edib:

Atası Qurban Hüseynov deyir ki, oğlu oktyabrın 1-də anası ilə danışıb: “Deyib ki, ana, nigaran olma, biz yaxşıyıq. Onlar həmin ərəfədə Füzulidə döyüş bölgəsində olublar. Füzulini azad edəndən sonra Rövlan və döyüşçü yoldaşları Cəbrayıl istiqamətinə keçib. Oğlum “Vışka” deyilən yerdə açıq döyüşdə yanında minaatan mərmisinin partlaması nəticəsində şəhid olub”.

2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə yollanan Rövlan əsgərliyini başa vurduqdan sonra orduda qalıb xidmətini müddətdən artıq hərbi qulluqçu kimi davam etdirmək fikrində imiş:

Anası Solmaz xanım deyir ki, oğlunu hərbçi olmaqdan çəkindirməyə çalışsa da, bu mümkün olmayıb: “Dedim ki, Rövlan, mən xəstəyəm. Sən hərbçi olsan, mənim yanımda olmayacaqsan. Dedim, gəl səni tez evləndirək. Evin olsun, işin olsun. Dedi, mama. Özü də mənə o sözü deməzdi heç vaxt. Rövlanın sözü o oldu ki, birinci Vətən, sonra ana. Deyən kimi də güldü. Güləndə dedim, anan qurban, axı birinci anadır kitabda. Dedi, yox, mama”.

Rövlanın şəhid olmasından sonra komandiri atası Qurban Hüseynovla görüşüb: “O da döyüşdə yaralanmışdı. Onun haqqında çox sözlər dedi. Deyir ki, mən həmişə sizin oğlunuzla maraqlanırdım və ailə ilə tanış olmaq istəyirdim ki, görüm bu uşaq hansı ailədən çıxıb, belə tərbiyə alıb. O adam burda bir loxma çörək yemədi. Gedənə kimi ağladı. Dedi ki, kaş onun yerinə mən şəhid olaydım”.

Şəhidin bibisi Əcəb Qədimova onunla qürur duyduğunu deyir: “O qədər qanuna tabe uşaq idi ki, bir uşaq da desəydi ki, Rövlan, burada otur, elə oradaca oturacaqdı. Bax, belə bir uşaq idi. Ataya, anaya, qardaşına çox bağlı idi. Rövlan başda olmaqla bütün şəhidlərə qurban olum”.

Məcburi köçkün ailəsində boya-başa çatan Rövlan Məmmədov xeyirxah, gülərüz və mehriban olmaqla bərabər, yaşıdlarından həm də vətənpərvər olması ilə fərqlənib. Görünür, Rövlanın atasının Ağdamın Boyəhmədli, anası Solmaz xanımın Füzulinin 30 ilə yaxın işğalda qalan Qaraxanbəyli kəndindən olması onun Vətənə olan bağlılığını, düşməndən alınacaq qisas istəyini daha da artırıb.

Şəhidimizin atası, I Qarabağ müharibəsinin iştirakçısı olan Qurban Hüseynov deyir ki, oğlundakı bu vətənpərvərlik duyğuları kökdən gəlir: “Mənə həmişə deyərdi ki, ata, döyüşdən danış. Danışdıqca uşaq fərəhlənirdi. Bir dəfə mənə şəkil göndərmişdi. Həmin şəkil indi də qalıb məndə. Silahla şəkil çəkib atmışdı mənə. Deyirdi ki, ata, sinəmə də bax, silahıma da bax. Uşaq elə bil ruhlanırdı. Mən də baxıb oğlumla fərəh hissi duyurdum. Heç ağlıma da gəlməzdi ki, oğlum Vətən yolunda şəhid olacaq”.

Anası oğlunu belə xatırlayır: “O uşaq mənim üçün hər şey idi. Evdə bircə kəlmə Rövlan deməyimlə gəlib başımın üstündə dururdu və nə istədiyimi soruşurdu. Mən xəstələnəndə gəlib yanımda otururdu, ağlayırdı. Deyirdim ki, çıx uşaqlarla oyna çöldə. Deyirdi ki, yox. Hərbiyə gedəndən sonra dedilər ki, orda çox savadlı uşaqdır. Komandirləri onu tərbiyəli, bacarıqlı bir uşaq kimi tanıyıblar. Hər dəfə maraqlanıblar ki, bu uşaq necə bir ailədən çıxıb. O tərbiyə, o əxlaq elə bil uşağın öz canında idi”.

Şəhidimiz sonuncu dəfə valideynləri ilə danışanda onları müharibə bitdikdən sonra Ağdama, Füzuliyə aparacağına söz verib: “Mənə həmişə sual verirdi ki, ata, biz nə vaxt geri qayıdacağıq. Torpağımıza, yurdumuza qayıtmaqdan danışırdı həmişə. Ona deyirdim ki, inşallah, qayıdarıq”.

Rövlan cəmi bircə dəfə anasının yuxusuna qonaq gəlib: “Qırxı çıxandan sonra Rövlanın məzarını ziyarətə getdim. Gələndə dedim ki, o uşaq Vətənə görə, bayrağa görə şəhid olub. Dedim, niyə ona görə bayraq alıb evdə asmırıq. Ordan gələndə bayraq aldım. Gətirib şəklinin altından asdım. İnanırsınız, Rövlan gecə yuxuma gəldi. Heç vaxt yuxuma gəlməzdi. Təkcə yuxuma onda girib. Gördüm elə bil bura kimi ağappaq dumana bürünüb girdi qapının ağzına. Gülə-gülə dedi ki, bunlar belə edirlər. Mən sağam, gəlmişəm. Onunla da elə o dumana büründü, yoxa çıxdı. Odur-budur yuxuma girmir”.

Qeyd edək ki, əsgər Rövlan Qurban oğlu Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın