15:32 15 Yanvar 2021 68
Ana səhifə Xəbərlər

Şəhid atası: “Oğlum bir ayın içində böyüdü”

“Hələ məktəbdə oxuduğum illərdə vətən uğrunda şəhid olacağımı yuxuda görmüşdüm. Mən mütləq əsgər gedəcəm və düşmənlə döyüşüb şəhid olacam”.

APA TV-nin xəbərinə görə, bu sözlər şəhid Vaqif Mərdanovun 2019-cu ilin iyul ayında hərbi xidmətə çağırılan zaman yaxınlarına dediyi sözlər olub.

O zaman nə müharibə vardı, nə də şəhid xəbərləri gəlirdi. Elə bu səbəbdən Vaqifin yuxusu yaxınları tərəfindən ciddi qarşılanmır. Aylar keçir, hərbi xidmətini başa vurmağa 3 ay qalmış əsgər Vaqif Mərdanovun yuxusu gerçəkləşir. Sentyabrın 27-də Vətən Müharibəsi başlanan zaman Ağcabədidə N saylı hərbi hissədə xidmət edən Əsgər Mərdanov döyüşlərə qatılır.

2001-ci il oktyabrın 10-da Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində anadan olan Vaqif Ədalət oğlu Mərdanov 118 nömrəli tam orta məktəbdə təhsil alıb. Atası Ədalət Mərdanov deyir ki, 3 qardaşın böyüyü olan Vaqif xasiyyətcə qardaşlarından hər zaman seçilib. Şən, zarafatcıl eyni zamanda Vətənə, millətə və dinə bağlılıq Vaqifin ən özəl xüsusiyyətlərindən biri olub: “Orda olanda zəng elədi ki, Füzulidəyəm. Narahat olma, meşədə silah sursat daşıyırıq. Mən də dedim, ay bala, ehtiyatlı ol, oralar minadır, ayağının altına bax. Mən bilməmişəm ki, elə həmin vaxtlar Vaqif döyüşdə imiş. Mənə demirmiş ki, narahat olmayaq”.

33 gün Vətən Müharibəsində döyüş yolu keçən Vaqif Mərdanov Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Hər an ölümün gözünə dik baxaraq “Vətən sağ olsun” deyərək döyüşlərə qatılıb və ruh yüksəkliyi ilə addım-addım irəliləyib: “Noyabr ayının 1-də mənə zəng elədi, bir xeyli danışdıq. Sonra bildim ki, qohumların çoxuna zəng edib halallaşıb. Bilirdi ki, hər an şəhid ola bilər. Çünki döyüşlərin ən ağır yerində olub. Fəhmin adlı dostu var, onunla danışanda deyib ki, ata-anamdan muğayat olarsan, ola bilər, mən qayıtmaram”.

Ədalət Mərdanov deyir ki, noyabr ayının 3-də Qubadlı istiqamətində gedən döyüşlər Vaqif Mərdanovun son döyüşü olur. Əsgər Mərdanov arzusunda olduğu şəhidlik zirvəsinə yüksəlir: “Vaqif elə bil bir ayın içində böyümüşdü. Səsindəki məğrurluq da artmışdı. Mən darıxırdım, deyirdim, necə olacaq. Deyirdi, hər şey yaxşı olacaq, darıxma, Vətəndir, bizim borcumuzdu döyüşməliyik. Biz vuruşmasaq, kim vuruşmalıdır?”

Kəndin axundu Əli Əlizadə deyir ki, 44 günlük müharibə müasir gəncliyi vaxtından tez böyütdü: “Onların düşüncələrini tamam başqa bir istiqamətə yönləndirdi. Onlarda vətənpərvərlik hissini tamamilə dirçəltdi. Şəhidlərin gəlişi böyükdən-kiçiyə hər kəsin düşüncəsini dəyişdi”.

İndi Mərdanovlar ailəsinin bir təskinliyi var: Vaqif kimi canını Vətən yolunda fəda edən şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusu qələbə çalmaqla tarix yazdı: “Torpaq qanla alınır. Torpaqlarımız alındı, onların ruhu şad oldu. Onların qanı yerdə qalmadı. Bu torpaqların erməni təcavüzündə olması bizim bir əskikliyimiz idi. O qəhrəmanlar bizim alnımızda olan ləkəni sildilər. Bizim əskikliyimizi üstümüzdən götürdülər. Bütün dünyaya sübut etdilər ki, Azərbaycan milləti mərd, döyüşkən millətdir”.

Kəndin axundu Əli Əlizadənin sözlərinə görə, hər kəs Vətən yolunda şəhid olan qəhrəmanlarımızla fəxr edir: “Vaqifin atasına dedim ki, sən şükür elə ki, oğlun bəzi xoşagəlməz yerlərdə, xoşagəlməz işlərdə ölməyib, Vətən yolunda şəhid olub. Sən bununla fəxr etməlisən. Bütün şəhidlərin valideynləri bu gün şükür etməlidirlər ki, onların övladı şəhidlik zirvəsinə yüksəlib”.

Şəhid Vaqif Ədalət oğlu Mərdanov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

İlahə Vəliyeva

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın