19:41 13 İyul 2020 442
Ana səhifə Xəbərlər

Şəhid baş leytenant Rəşad Mahmudov Biləsuvarda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Rəşad Mahmudov Biləsuvarda dəfn edilib.

APA TV-nin cənub bürosunun məlumatına görə, iyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan baş leytenant Rəşad Rəşid oğlu Mahmudovun nəşi doğulduğu Biləsuvar rayonu Aşağı Cürəli kəndinə gətirilib.

Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Rəşad Məmmədov kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı dayısı Bayram Hüseynova təhvil verilib.

Qeyd edək ki, Rəşad Mahmudov 2 iyul 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2007-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə təhsilini bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb və Milli Orduda xidmətə başlayıb. İlk illərində Ağstafa, sonra isə Tovuz rayonları istiqamətindəki təmas xəttində xidmət edib. Evin tək oğlu idi, qardaşı yeniyetmə yaşlarında dünyasını dəyişib. Anasının himayəsində böyümüşdü. Subay idi. Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın