14:14 22 Yanvar 2021 142
Ana səhifə Xəbərlər

Şəhid əmisinin və dayısının qisasını aldı - REPORTAJ

44 gün davam edən Vətən müharibəsinin şəhidlərindən biri də çavuş İlkin Camal oğlu İsgəndərovdur.

APA TV-nin yerli bürosunun xəbərinə görə, İlkin İsgəndərov 1999-cu il martın 18-də Sumqayıt şəhərində anadan olub.

Qubadlını görməsə də, valideynlərinin ona danışdıqlarından necə səfalı bir yer olduğunu hiss edirdi. Uşaqlıqdan “Qubadlını mən alacam deyirdi” İlkin İsgəndərov. Elə Qubadlı şəhərinin işğaldan azad olunduğu gündə - oktyabrın 25-də şəhidlik zirvəsinə ucaldı:

Atası Camal İsgəndərov deyir ki, oğlu könüllü qatılıb döyüşlərə: “O, həmişə deyirdi, əmimin qanını alacam, qoymayacam yerdə qalsın. 24-ü, altıncı gün mənimlə telefon əlaqəsi saxladı. “Hər şey yaxşıdır, özünüzdən muğayat olun, darıxmayın, qayıdıb gələcəm” dedi. 25-i günü, şəhid olma xəbəri gəldi. Oğlumla fəxr edirəm. Fəxr edirəm ki, vətənpərvər olub. Elə bilirəm yaşayır və yaşayacaq. Mənim çiynimdə olacaq, yenə də yanımda olacaq. Bütün şəhidlərə Allah rəhmət eləsin. Biz onlarla fəxr edirik ki, İkinci Vətən Müharibəsində şəhidlərimizin qanı yerdə qalmadı”.

İlkinin əmisi Mübariz İsgəndərov və dayısı Əvəz Həsənov də Birinci Qarabağ Müharibəsində şəhid olublar. İlkin İsgəndərov qohumlarının da sevimlisinə çevrilib: “Çox gözəl bala idi. Hamımız üçün sevimli bala idi. Onu itirmək bizə çox çətindir. Qohum kimi yox, övladım kimi onu çox istəyirdim. İndi də biz qəbul eləmirik ki, o yoxdur. İlkin bizim üçün yaşayır. Mənim üçün ağırdır onu itirmək. Çox gözəl, mehriban, təmkinli, qayğıkeş. Yaşı az olsa da, çox ağıllı uşaq idi. Biz onunla fəxr edirik. Belə uca bir nöqtəyə ucaldı”.

Şəhid əmisinin və dayısının qisasını alaraq onların qanını yerdə qoymayan İlkin anasını yeznəsi Elşən Lətifova əmanət edib: “Biz yeznə yox, dost-qardaş olmuşuq. Hər gün zəng edərdi, hər gün danışardıq. Hər gün deyirdi ki, bacımı sənə əmanət elədim, anam da sənə əmanətdir. Yəni burdan inanmıram sağ gələrəm. Mən hələ də inana bilmirəm İlkinin şəhid olmağına. Çünki onun 10 dənə şəkli varsa, 9-nu mən çəkmişəm. Şəkillərinə oturub baxıram, ürəyim partlayır. Elə bilirəm İlkini də mənim anam dünyaya gətirib. Yəni biz belə bir qardaş olmuşuq”.

Qeyd edək ki, 21 yaşlı çavuş İlkin İsgəndərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın