14:00 10 Yanvar 2021 726
Ana səhifə Xəbərlər

Şəhid Nicat Hüseynovun son sözü: “İki gün zəng etməsəm, bilin ki...” – REPORTAJ

44 günlük Vətən müharibəsində qanı ilə dastan yazanlardan biri də Nicat Ziyafət oğlu Hüseynovdur.

APA TV xəbər verir ki, Nicat Hüseynov 4 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olub. Şirvanın tanınan ziyalılarından olan atası Vətən müharibəsindən 4 ay əvvəl dünyasını dəyişib. Bacıları ailə həyatı qurduğundan Nicat anası Zümrüd Hüseynova ilə qalıb.

Anası deyir ki, mən Nicatla nəfəs almışam: “Nicat iki bacının bir qardaşı idi. 10 ildən sonra olma bir uşaq idi. Çox əziz saxlanmış bir uşaq idi. Vətənpərvər demək olmazdı. Uşaq vaxtı nə bilirdi vətənpərvərlik nədir. Amma çox cəsur, sözün əsl mənasında yaxşı uşaq idi. Müharibə başlayanda dedi ki, biz uşaqlarla könüllü yazılmışıq hamımız müharibəyə. Nicatın atası 4 ay idi rəhmətə getmişdi. Dedim ki, Nicat, axı ata təzə rəhmətə gedib, necə gedib yazılmısan mən axı təkəm evdə?”

Anasının bu yalvarışlarına qulaq asmayan Nicat ona hər şeyin yaxşı olacağını deyərək dostları ilə bərabər cəbhəyə könülü yazılır: “Sentyabrın 28-də Nicat xəstəxanaya getmişdi yaralı əsgərlərə qan verməyə. Gəldi ki, mama sabah saat 5-də bizi də aparırlar. Dedim, Nicat, axı ata təzə rəhmətə gedib, atanın daşın düzəltdir sonra get. Dedim olar ki, komissarlıqdan xahiş edək səni aparmasın. Dedi “yox mama artıq uşaqlarla danışmışıq səhər gedirik”. Səhər bunu yola saldım. Ayın 6-na (oktyabrın) qədər hər gün danışırdıq. 6-sı günü də danışdıq telefonla. Mən danışa bilmədim, ağladım. Bacısı ilə telefonla danışdı. Güllələr yağırdı. Güllə səsləri eşidilirdi. Dedi, qaqa, qorxursan orda. Güldü dedi, bacı, qorxan oğlan bura gəlməzdi”.

Nicat Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən zavodlarından birində mühafizəçi işləyib. Dostları, iş yoldaşları, müəllimləri Nicatı xasiyyətcə xeyirxah, gülərüz, zarafatcıl bir insan kimi xatırlayırlar. Anası deyir ki, əsgər yoldaşları da Nicat haqqında xoş xatirələr danışırlar: “Ölümündən sonra onun əsgər yoldaşları, yaralı yoldaşları gəlmişdi evə. Deyirdilər, xala, Nicat qısa müddətdə bizə birlik öyrətdi. Nicat bir şüşə su tapırdı onu əsgər yoldaşları ilə bölürdü ki, hamı içsin. Nicatın döyüş yolu qısa oldu, amma çox şərəfli oldu. Oktyabrın 6-dan 7-nə keçən gecə Füzuli uğrunda gedən döyüşlərdə şəhid oldu. Şəhidlik ucalıqdı, zirvədir amma bunu şəhid analarına demək çox çətindir. Nicatın balaca ürəyinə dünya yerləşirmiş. Nicat 15 yaralı əsgəri xilas edib 16-cını xilas etməyə gedəndə komandir deyib Hüseynov getmə güllə yağış kimi yağır. Deyib, mənim əsgər yoldaşımın biri qalıb orda, onu da gətirim. Gedib onu neytral ərazidən gətirəndə qrad düşüb bunlar olan yerə”.

Anasını çox sevən Nicatın, sən demə, vətən sevgisi daha böyük olub. bacısı Çinarə Vəliyeva deyir ki, Nicat digər əsgərlərdən fərqləndiyi üçün onu bölük komandiri təyin ediblər. O, əsgər yoldaşları ilə birgə döyüşlərin ilk günlərində və ən ağır mərhələsinin iştirakçıları olublar. Onların üzərinə ən ağır döyüş tapşırığı - düşmənin 27 il ərzində qurduğu istehkamları, keçilməz sayılan xətləri yarıb keçmək düşüb: “Getməmişdən qabaq gəlmişdi bizə dedim, Nicat, mən səni tanıyıram da görəcəksən orda ölüm var gedəcəksən ora. Dedi yox, bacı, qorxma görəcəm erməni var qaçıb gizlənəcəm. Sonra çəpəki baxdı, güldü, dedi, bacı, inandın. Dedim yox inanmadım, mən səni tanımıram? Demişdi ki, əgər məndən 2 gün xəbər çıxmasa bilin ki, haqqın dərgahına qovuşmuşam”.

Oktyabrın 7-də həlak olan Nicat Hüseynovun nəşi şəhid olduğu ərazidən 3 gün təxliyə edilib və doğulduğu Şirvan şəhərinə yola salınıb. O, oktyabrın 11-də Şirvanda, şəhidlər xiyabanında dəfn edilib.

Nicat Ziyafət oğlu Hüseynov Prezidentin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Allah rəhmət eləsin!

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın