15:47 16 Fevral 2021 458
Ana səhifə Xəbərlər

Şəhid olan daha bir hərbi qulluqçumuz dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan daha bir hərbi qulluqçusu bu gün dəfn olunub.

APA TV-nin xəbərinə görə, Vətən Müharibəsində iştirak edən 21 yaşlı Quliyev Əkbər Güləhməd oğlu Bakıda, II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak edib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ordumuzun qazandığı qələbədən danışıb: “Bu tarixi qələbəni bizə yaşadan Əkbər Quliyev və digər onun kimi burada uyuyan şəhid qardaşlarımız oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı qardaşlarımıza şəfa diləyirəm. Allah Ordumuzu, əsgərlərimizi, zabitlərimizi, xalqımızı, dövlətimizi, Cənab Ali Baş Komandanımızı qorusun”.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə şəhidin tabutunun büküldüyü üçrəngli bayrağı atasına təqdim edib: “Vətən Müharibəsi şəhidləri və qəhrəmanları Azərbaycan xalqının baş tacıdır. Cənab Prezidentimizin başçılığı altında qazanılan bu qələbənin səbəbkarları olan şəhid balalarımızın ruhu şad olsun. Şəhidimizin nəşi bürünən bu müqəddəs bayrağımızı şəhidimizin atasına təqdim edirəm”.

Şəhidin atası Güləhməd Quliyev lazım olarsa özü də Vətən uğrunda canından keçməyə hazır olduğunu deyir: “Bu igidlər bizi dünyaya tanıtdılar. Yerə düşən papağımızı götürüb başımıza qoydular. Beş ay idi axtarırdım oğlumu. Demək ki, qisməti belə olub. Allah ünvanıma şəhid göndəribsə sözsüz qəbulumdu. Özüm də parça–parça olmağa hazıram bu Vətən yolunda”.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əkbər Quliyev hərbi xidməti Tərtərdə başa vurub. O, müharibədən öncə təlimlərə cəlb edilmiş, daha sonra isə döyüşlərə qatılmışdı.

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın