19:47 24 Noyabr 2020 931
Ana səhifə Xəbərlər

Şəhid polkovnik Babək Səmidli Göyçayda dəfn olunub

Ötən gün şəhid olan Ordumuzun zabiti, polkovnik şəhid Babək Səmidli doğulduğu Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi, şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edən döyüş yoldaşı Namiq Cavadov onun Böyük Vətən Müharibəsindəki şücaətindən, şərəfli döyüş yolundan danışıblar: “Babək Səmidli bir qalib ordunun zabiti kimi şəhid oldu. Öz xidməti vəzifəsini icra edərkən şəhid oldu. Ondan həmişə bu sözü eşidirdim ki, nə vaxt Qarbağı işğaldan azad edəcəyik. Və bu gün özümə təsəlli tapıram ki , o bu qalibiyyəti gördü, bu qalibiyyət hissini yaşadı, qalib bir zabit kimi vətən uğrunda şəhid oldu”.

Şəhid polkovnikin nəşi Dövlət Himninin və yaylım atəşinin sədaları altında torpağa tapşırılıb.

Birinci Ordu Korpusunun komandiri Hikmət Həsənov şəhid polkovnikin tabutuna bükülən üçrəngli bayrağı onun oğlanları Mətləb və Səmid Səmidliyə təqdim edib. Onlar vətənpərvər və qəhrəman ataları Babək Səmidli ilə fəxr etdiklərini bildiriblər:

- Mən əvvəllər də atamla fəxr etmişəm, indi iki qat fəxr edirəm. Çünki şəhidlik hər insana qismət olmur. Atamın 3 arzusu var idi. Ya şəhid, ya qazi, yada qalib olmaq. Demişdi ki, aparacağam sizi ora. Amma qismət olmadı.

- Atam deyirdi ki, biz Şuşanı azad etdikdən sonra sizi ora aparacam, qurban kəsdirəcəm. Atamın 3 arzusu var idi ya qazi, ya qalib, ya da şəhid olmaq. Atam həm qalib, həm də şəhid oldu. Mən də böyüyəndə atam kimi hərbiçi olacağam və vətənimi düşməndən qoruyacağam.

Qeyd edək ki, Birinci hərbi korpus komandirinin müavini, polkovnik Babək Mətləb oğlu Səmidli dünən Suqovuşan qəsəbəsi ərazisində mina partlaması nəticəsində şəhid olub.

Talış kəndinə üçrəngli bayrağımızı sancan Babək Səmidli müharibə vaxtı təkbaşına 39 yaralı əsgərimizi döyüş ərazisindən çıxarıb. Suqovuşanı azad edən kimi təhlükəli olsa da mühəndisləri həmin əraziyə apararaq rayonlara su verilişini bərpa edib. Onun əsgərlər qarşısında çıxışı hamıda döyüşmək üçün ruh yüksəkliyi yaratmışdı.

O, döyüşə gedən əsgərlərin şərəfli yolda olduqlarını, onlara ya qalib olmağı, ya şəhid olmağı, ya da qazi olmağı tövsiyə edirdi.

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın