12:36 26 Noyabr 2020 551
Ana səhifə Xəbərlər

Şəhid qardaşların anası: “Heç vaxt ermənilərin qarşısında ağlamaram” - REPORTAJ

“Yalnız 2 övladım olub. Onların öz istəkləri idi vətənə xidmət etmək. Deyim ki, onları kimsə məcbur edib? Xeyr, qətiyyən. Vətən yolunda döyüşüb şəhid olmaq onların öz arzusu olub”.

Gözünün ağı-qarası olan iki övladını vətən yolunda qurban verən şəhid atası Elman Məmmədov deyir bu sözləri. İman və Bəhram Məmmədov qardaşları əslən Lerik rayonundandırlar. Orta məktəbin 1-ci sinfinə Lerikdə başlayıblar. Bir müddət Lənkəran şəhərində yaşadıqdan sonra ailəlikcə Bakının Binə qəsəbəsinə köçdükləri üçün təhsillərini burada davam etdiriblər. İmanla Bəhram Binədəki 117 saylı orta məktəbi bitiriblər. Çoxları onları əkiz zənn etsələr də, əslində aralarında 2 il yaş fərqi olub: “Dedilər, ölkədən kənarda oxumaq istəyirik. Mən də Rusiyaya apardım onları. Əvvəl gəmiçiliyi xoşlayırdılar. Lakin bu istəkləri çox çəkmədi. Cəmi bir kurs oxudular. İmanın əvvəldən də idmana böyük həvəsi vardı. Burada onları Suvorov adına idman mərkəzinə qoydum. Hər ikisini də yoxlayan kimi dərhal qəbul etdilər”.

Hər iki qardaş bu dəfə turizm təhsili almağa başlayır. Turizm üzrə təhsillərini başa vurduqdan sonra təhsillərini davam etdirmək üçün digər universitetlərdən təklif alan qardaşlar bununla razılaşmır, vətənə dönüb hərbi xidmətə yollanırlar. Xidmətlərinə isə Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən N saylı hərbi hissəsindən başlayırlar: “Böyük oğlumun bir qədər qapalı fikirləri çox idi. Hər zaman şəhidlərlə bağlı videolara baxardı. Mübariz İbrahimova, bütün şəhidlərimizə baxardı. Kiçik qardaşından soruşdum ki, qardaşın niyə belədir, bəlkə sən biləsən? Dedi, ata, qardaşım deyir, istəyirəm müharibə başlasın, döyüşmək şəhid olmaq istəyirəm”.

Sentyabrın 27-də işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda Vətən Müharibəsi başlayan kimi qardaşlar tam fərqli istiqamətdə hərbi xidmət keçmələrinə rəğmən, könüllü olaraq cəbhəyə yollanmaq istədiklərini bildirirlər: “Mən başa düşürdüm ki, müharibədir. Gedib qayıtmamaq riski böyükdür. Lakin inanırsınız ki, onlarda böyük ruh yüksəkliyi vardı. Tək mənim övladlarım deyil, hər kəs bu ruhda idi. Mən ilk dəfə idi anaları öz övladını gülə-gülə müharibəyə yola salan görürdüm. Bizim ən böyük uğurumuz orda oldu ki, biz onları gülə-gülə yola saldıq”.

Bu isə valideynlərin övladlarıyla sonuncu görüşü olur. İlk vaxtlar hər gün telefonla danışsalar da, oktyabrın 20-dən sonra gec-gec danışmağa başlayıblar. Elman Məmmədov deyir ki, bir müddət sonra isə hər iki qardaşın şəhid olma xəbərin alıblar: “Oktyabr ayının 1-i səhər tezdən əsgər yoldaşı mənə zəng elədi. Dedi, Bəhramın, İmanın əmilərindən kimsə var, onlarla danışım. Mən tez çölə çıxdım ki, anaları eşitməsin. Qışqırdım telefonda ki, əmiləri yoxdur, hər nə olubsa, mənim özümə de. Uşaq telefonda tutuldu. Başladı ağlamağa. Dedi, əmi, bəs mən necə deyim? Uşaqlarınız hər ikisi şəhiddir”.

Elman Məmmədovun sözlərinə görə, hyat yoldaşı Hicran Məmmədovaya övladlarının şəhid olma xəbərini Beyləqan rayonunda verib: “Biz Beyləqana çatanda gördüm anası narahatdır. Balaca “besedka” kimi yer vardı. Dedim, burda otur gözlə. Bir az sonra bizim cənazələr gəldi. Anasına onda dedim. Dedim, indi hər şeyə hazırsan? Dedi, hə, nə olub ki? Dedim, övladların şəhiddir (ağlayır). İnanmadı. Dedi, ola bilməz. Dedim, qarşındakı cənazələr onlarındır. Düzdür, oranın əhalisi də gəlirdi, hamı başsağlığı, təsəlli verirdi. Amma o dəqiqədə heç bir təsəlli mümkün deyildi”.

Hicran Məmmədova deyir ki, övladları yaralansa belə düşmənin üzərinə gediblər: “Onların dostlarının deməyinə görə, övladlarımı ayaqlarından vurublar. Amma onlar yaralı olsalar belə, irəli gediblər. Düşmən görüb ki, bunlar dayanmır, üzərlərinə gəlir. Bu dəfə onları ürəyindən vurublar. Orada şəhid olublar. Yanlarında olan yoldaşları da yaralanıblar. Çox əziyyət çəkiblər. Elə olub ki, kömək çağırıb onları aşağı düşürüblər. Ondan sonra bizə xəbər verdilər ki, uşaqlar şəhid olub. Mən şəhid analarına deyirəm ki, başlarını dik tutsunlar. Mən heç bir zaman ermənilərin qarşısında ağlamaram”.

Şəhid anası qələbə sevincinin səhəri günü Şəhidlər Xiyabanına gedir və bütün şəhid qəbirlərinin üzərinə su səpir. “Qanınız yerdə qalmadı” deyir.

Bir zamanlar öz ailələrinin, məhəllələrinin, təhsil aldıqları məktəbin sevimlisi olan bu iki qardaş indi bütün Azərbaycan xalqının qürur yeri, qəhrəmanlıq nümunəsidir. Qonşuları isə şəhid qardaşların yaşadığı küçəyə onların adının verilməsi təşəbbüsü ilə çıxış edib.

Xələf Xələfov

Üzeyir Ağayev

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın