14:00 12 Yanvar 2021 82
Ana səhifə Xəbərlər

Şəhid xanımı: “Atasız böyümüşdüm, o, həm də atam idi...” - REPORTAJ

İkinci Qarabağ Müharibəsi haqq savaşında şanlı qələbəmiz və öz qanları, canları ilə igidlik salnaməsi yazan ərənlərimizin sayəsində tarixə qızıl hərflərlə yazıldı. Şəhidlərimiz cismən sevdiklərindən ayrılsalar da, heç vaxt nə onların, nə də xalqımızın yaddaşından silinməyəcəklər.

Belə qəhrəmanlardan da biri Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsinin sakini Şirbala Hüseynbala oğlu Hüseynovdur. Şirbala və yaxın dostu, hərbi qulluqçu Həmidağa bir-birindən xəbərsiz eyni gündə şəhid olublar.

Şirbala Hüseynov uşaq yaşlarından hərb sənətinə maraq göstərib. Orta məktəbi bitirdikdən sonra hərb yolunu seçib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. Hələ uşaq yaşlarında məğrurluğu, qürurlu olması ilə seçilib. Xidməti vəzifəsini cəsur zabit kimi ön cəbhədə yerinə yetirib. Çox keçmədən özünü peşəkar zabit kimi tanıtdırıb.

30 yaşlı qəhrəmanımız 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olub, xidmət müddətində bir sıra mükafatlara, medallara layiq görülüb. Vətən Müharibəsinin ilk günündən isə ön cəbhədə olub.

Atası Hüseynbala Hüseynovun sözlərinə görə, sonuncu dəfə sentyabrın 30-da valideynləri ilə telefonla danışıb: “Döyüş bölgəsində idi. Deməli, Füzulinin Horadiz kəndi və Cəbrayılın Rüzgar kəndi. Orda olublar döyüşdə. Danışdım, dedim, nə var nə yox. Xəbər aldım ondan, dedi, hər şey yaxşıdır. İnşallah, qələbə bizimdir. Sonra söndürdü telefonu. Mən fəxr edirəm ki, mənim oğlum kapitan Şirbala Hüseynov vətən uğrunda şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun! Düzdür, çətindir. Bu tək mənim deyil, bütün xalqın oğludur. Tək mənim oğlum deyil”.

Vətən Müharibəsində qorxmazlığı və cəsurluğu ilə seçilən qəhrəmanlarımızdan biri idi Şirbala Hüseynov. Düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv edir. Şirbala Hüseynov oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Anası Həcər Hüseynova deyir ki, Şirbala hələ uşaq yaşlarında məğrurluğu, qürurlu olması ilə seçilib. Evləri hərbi hissəyə yaxın yerləşməsi də Şirbalanın hərbçi olmasında rol oynayıb. Onun sözlərinə görə, Şirbalanın şəhid olacağını hiss edirmiş: “Ayın 2-də, onun tabutu gələn günü mən onu yuxuda gördüm. Gördüm səhərə yaxın. Gördüm ki, bankada pesok verir mənə. Deyir, ay mama, ala götür. Pesok verirəm sənə. Birdən ayıldım. Dedim, ay Allah, görəsən, nəsə var uşağın başında. Elə həmin günü də günorta saat 3-də onun tabutunu gətirdilər. O, çox vətəninə bağlı idi. Qanları torpağa qarışdı, Vətən oldu. Torpağa çox bağlı idi. Çox qeyrətli uşaq idi. Heyif ki, ata ola bilmədi. O balaca ürəyində arzusu çox idi onun”.

Şirbala uşaqları çox sevirdi. Ailəli olan şəhidimiz ata olmağı çox arzulayırdı. Amma canından çox sevdiyi vətən uğrunda şəhidliyə yüksəlməyi onun arzularını həyata keçməsinə imkan vermədi.

Sonuncu görüşləri sentyabrın 13-də olub. Həyat yoldaşı Jalə Hüseynova Şirbalanın yoxluğu ilə barışa bilmir: “Mən səninlə necə fəxr edirəmsə, sən də mənimlə elə fəxr elə ki, sənin mənim kimi yoldaşın var. Dedim ki, Şirin, o sözü demə. Onsuz da mən həmişə səninlə fəxr etmişəm. İndi ikiqat fəxr edirəm ki, mənim yoldaşım o cür uca zirvəyə ucalıb. Hər kəsə qismət olan bir şey deyil o. Mən indi də ağlamaram, əksinə, mən sevinirəm ki, mənim yoldaşım o cür uca zirvəyə ucalıb. Bu həyatda çox əziyyət çəkdi. İndi-indi xoşbəxt olurdu. Kaş bir dənə nişanəsi qalardı. Ən azından bilərdim ki, yurdu boş qalmayıb. Adını qoyardım ona. Mən Şirbalanı özümə təkcə həyat yoldaşı seçməmişdim. Mən atasız böyümüşəm. Şirbala mənim atam idi. Mən təkcə ailəmi itirmədim, atamı da itirdim, dostumu da itirdim. O, mənim üçün hər şey idi”.

Şəhidimizin dostu, ehtiyatda olan zabit Orxan İsmayılov dostlarını qoruya bilmədiyini deyir. Çünki o, Vətən Müharibəsində iki yaxın dostunu itirib: “Bu, bir möcüzə xəbər oldu bizim üçün, bizim ailəmiz üçün. Çünki mən onların itkisi ilə heç barışa bilmədim. İndiyə kimi özümü günahlandırıram ki, mən onları qoruya bilmədim düşmən gülləsindən. O təəssüf hissini çox keçirirəm. Mənim üçün burda danışmaq çox çətin və ağırdır. Amma onlarla biz fəxr edirik. Onlar yanımızda olmasalar da, hər an ürəyimizdədir. Biz onları həmişə yad edirik. Şirbaladan kiçik qardaşı olaraq Samir qalıb. O da mənim qardaşımdır. Mən ona öz qardaşlıq borcumu həmişə yerinə yetirəcəm sonuncu nəfəsimə kimi”.

Kapitan Şirbala Hüseynov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. O, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV

SUMQAYIT

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın