12:00 25 Yanvar 2021 135
Ana səhifə Xəbərlər

Şəhid zabitin yeni körpəsi dünyaya gəldi – UŞAĞA ŞUŞA ADI VERİLDİ

Şəhid zabitimizin dünyaya gələn Şuşa adlı körpəsi xəstəxanadan evinə buraxılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Vətən Müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş baş leytenant Elçin Ağayevin üçüncü övladı dünyaya göz açıb. Doğulan körpəyə Şuşa adı qoyulub. Şəhidin qız övladı xəstəxanadan evə buraxılıb: “Çəkisi 3.5 kq, boyu 50 sm-dir. Uşağımızın vəziyyəti hazırda kafidir, qənaətbəxşdir. Zahı qadının da şikayətləri yoxdur”.

Şəhid ailəsinin yeni üzvünün daşıyacağı bu adın Elçinin bir zamanlar həsrətini çəkdiyi Şuşa şəhəri ilə əlaqədar olub. Ağayevlər ailəsi körpəyə Şuşa adını verməklə qəhrəman zabitimizin arzusunu reallaşdırmaq istəyiblər: “Onun arzusu böyük idi. O, arzular içində biri də bizim gözəl diyarımız olan Şuşanı görmək idi, lakin ona qismət olmadı. Biz də onun arzusunu yerinə yetirmək üçün onun bu gün dünyaya gəldiyi yeni övladının, qız uşağının adını nəzərdə tutduq ki, Şuşa qoyaq. Şuşa onun arzusu idi. Onun da övladı dünyaya gəldi, Şuşa adını qoyduq, ruhu şad olsun”.

Qeyd edək ki, 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan Elçin Ağayev 2010-cu ildə orta məktəbi bitirərək, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini başa vurub və peşəkar hərbiçi kimi xidmətə başlayıb. Öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib. Vətən müharibəsi başlayanda torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Qəhrəman zabitimiz ötən il oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Bir gün sonra doğulduğu kənddə torpağa tapşırılıb. Şəhid Elçin Ağayev ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın