13:20 17 Yanvar 2020 543
Ana səhifə Xəbərlər

Şəhidlər Xiyabanında görmək istədiklərimiz və istəmədiklərimiz - REPORTAJ

Şəhidlər Xiyabanı... Bakının ən hündür nöqtəsində yerləşən və 3 fərqli nəslin qurbanlarının uyuduğu müqəddəs məkan... Bu gün inanmıram ki, buranı ziyarət edən vətəndaşlarımızdan bir kimsə tapılsın ki, bu xiyabanın tarixini, burda uyuyan insanların kimliyini bilməsin.

Bəs görəsən, bu sözləri ölkəmizə gələn əcnəbi vətəndaşlara aid etmək olarmı? Yəqin ki, yox. Çünki hər hansı əcnəbi turistin xiyaban haqqında nəsə öyrənməsi üçün nə bələdçi, nə müxtəlif dillərdə bilgi verən qulaqcıq, nə də hansısa məlumat lövhəsi var.

Elə bu səbəbdəndir ki, yolunu buradan salan turistlər xiyabanın mahiyyətini bilmədən istədikləri davranışı nümayiş etdirirlər. Bu günlərdə sosial şəbəkədə yayımlanan videoda bir qrup hindistanlı gəncin xiyabanda mahnı oxuya-oxuya rəqs etməsi dediklərimizə sübutdur. Sizi bilmirəm, mən onları yox, özümüzü qınadım. Axı bu turistlər haradan biləydilər ki, burada uyuyanlar bir xalqın azadlığı, bir dövlətin müstəqilliyi uğrunda canlarından keçiblər? Məgər biz onları məlumatlandırmaq üçün nəsə etmişikmi?

Millət vəkili Qənirə Paşayeva hesab edir ki, bu işləri təşkil etmək üçün hər cür imkan var: “Şəhidlər Xiyabanında bələdçiliklə bağlı mən təklif etmişdim ki, könüllü gəncləri dəvət etsinlər. Mən inanıram ki, bir neçə dil bilən gənclər orda könüllü kimi fəaliyyət göstərəcəklər. Amma mən düşünürəm ki, aidiyyəti qurumlar bələdçi ştatını təsis edə bilərlər. Çünki bu elə də böyük maliyyə tutumlu deyil”.

Onun sözlərinə görə, Şəhidlər Xiyabanının girişində üç dildə məlumat lövhəsinin yerləşdirilməsi qarşıda duran ən vacib məsələlərdən biridir. Eyni zamanda müxtəlif dillərdə kiçik broşürların buraxılması və burda saxlanılması gələnlərə məlumatların verilməsində əvəzsiz rol oynaya bilər.

“20 Yanvar” Fondunun rəhbəri Maral Qocaman da hesab edir ki, xiyabanda məlumat lövhəsi qoyulmalıdır: “O lövhədə, heç olmasa, 3 dildə məlumat yazılmalıdır. Tutacaqlar və Əlillər üçün panduslar quraşdırılmalıdır”.

Elə şəhərimizə bir neçə günlük qonaq gələn rusiyalı turist də ölkəmiz və Şəhidlər Xiyabanı haqqında məlumatı qohumlarının köməyi ilə alır: “İlk dəfə bu ölkəyə gələndə qohumlarım Şəhidlər Xiyabanı haqqında mənə məlumat verdilər. Ondan sonra şəhidlərin xatirəsini yad etmək üçün hər dəfə bura gəlirəm. Çox istərdim ki, bura haqqında daha geniş məlumat əldə edə biləm. Burada bizə heç kim məlumat vermir. Elə baxıram görürəm ki, bura şəhidlikdir. Nə zaman, harada, niyə şəhid olublar - bilmirik. Ya bələdçi, ya da məlumat lövhəsi qoyulsa, yaxşı olar”.

Şəhidlər Xiyabanında görmək istəmədiyimiz çatışmazlıqlar bununla bitmir. Ötən il 20 Yanvar faciəsinin 29-cu ildönümü zamanı şəhidləri ziyarətə gələn fiziki qüsurlu hərbçinin fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. Fotoda əlil arabasında oturan hərbçinin iki polisin köməkliyi ilə pilləkənləri qaldırılması əks olunmuşdu. Təbii ki, əgər xiyabanda panduslar quraşdırılsaydı, o zaman bu mənzərə də ortaya çıxıb aidiyyəti qurumlar qınaq obyektinə çevrilməzdi.

Qarabağ qazisi Rüxsarə Cumayeva xiyabanda pandusun olmamasından əziyyət çəkənlərdəndir: “Baxın, mənim əlimdə çəlik o pilləkənləri necə qalxım düşüm? Çox çətinlik çəkirəm. Bizim Qarabağ qazilərimiz hər zaman istəyirlər ki, şəhidlərimizi gəlib ziyarət etsinlər. Amma gələ bilmirlər. Çünki bu pilləkənlərə qədər gəlirlər, oradan yuxarı qalxa bilmirlər. Onlarında haqqıdır buranı ziyarət etmək”.

Şəhidlər Xiyabanının iki giriş-çıxış istiqaməti var. Dayandığımız bu pilləkənlər xiyabanın əsas giriş hissəsidir. Burada fiziki məhdudiyyətli ziyarətçilərin gəliş-gedişi üçün nə məhəccər, nə də pandus quraşdırılıb.

Dayandığımız bu məkan isə Xiyabanın son nöqtəsində olan pilləkənlərdir. Bəli, burada ziyarətçilərin rahat gediş-gəlişi üçün eskalatorlar quraşdırılıb. Amma çifayda. Eskalator işləmir, hələ üstəlik, yalnız bir istiqamətdə fəaliyyət göstərir.

Şəhidlər Xiyabanını ziyarət həm də ölkəyə gələn rəsmi qonaqların səfər protokoluna daxildir. Bu isə xalqımızın başına gətirilən müsibətlərin, faciələrin, soyqırımların nəticəsini onların həm də öz gözləri ilə görməsi deməkdir. Buna görə də burada adını çəkdiyimiz faktları özündə ehtiva edən muzeyin yaradılması məqsədəuyğun, hətta vacibdir. Ən uyğun məkan isə, məsələn, gördüyünüz məscidin ərazisində və ya içərisində seçilə bilər.

Millət vəkili Qənirə Paşayeva da bu fikirdədir: “Şəhidlər Xiyabanına gələn turistlərə burada muzey olarsa, orada soyqrımların, faciələrin şəkillərini və videolarını göstərsələr, bu, daha məqsədəuyğun olar. Misal olaraq Quba Soyqırımı Memorial Kompleksini çəkə bilərəm. Hesab edirəm ki, Şəhidlər Xiyabanında böyük deyil, balaca bir muzeyin yaradılması ora gələn turistə hər hansı bir məlumatın verilməsinə kifayət edə bilər”.

Millət vəkili hesab edir ki, Şəhidlər Xiyabanına Xocalı soyqırımı ilə bağlı abidə və məlumat lövhəsinin qoyulması da vacib məsələdir. Şəhidlər Xiyabanını ziyarət edən bütün turistlər Xətai rayonunda ucaldılmış “Ana Harayı” abidəsini ziyarət etmək imkanında olmur. Ona görə də Şəhidlər Xiyabanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyularsa, lövhədə xarici dillərdə məlumat yerləşdirilərsə, ölkəmizə gələn bütün qonaqlar protokol qaydasında Şəhidlər Xiyabanını ziyarət edən zaman Xocalı soyqırımı qurbanlarının xatirə lövhəsini baxmaqla bu barədə daha geniş məlumatlar almış olacaqlar.

Atalarımızın bir məsəli var: “Görünən dağa nə bələdçi”. Düzdür, keçmiş Dağüstü Park ərazisində yerləşən Şəhidlər Xiyabanı baş kəndimizin dağı sayıla bilər. Amma bu dağın bələdçiyə mütləq ehtiyacı var. Biz çəkib göstərdik, qaldı problemin həlli istiqamətində lazımi addımların atılması...

İlahə Vəliyeva,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın