16:17 18 Yanvar 2021 354
Ana səhifə Xəbərlər

Şəhidlərin mərmər lövhədə adları həkk olunmuş abidəsi quraşdırıldı

Səbail rayonunda şəhidlərin xatirə abidəsinin açılışı olub.

APA TV-nin məlumatına görə, rayonun Badamdar qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının məzarları və onların xatirəsinə inşa olunan abidə lövhəsi Səbail Rayon İcra Hakimiyyətinin başçısı, rayon ictimaiyyəti və şəhid ailələri tərəfindən ziyarət olunub.

İlk olaraq Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri qoyulub. Xatirə lövhəsinin qarşısındaca şəhid ailələrinin üzvləri ilə görüşən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq.

Daha sonra Səbail rayonunun Vətən müharibəsində şəhid olan qəhrəman oğulların məzarları ziyarət olunub:

- Bütün şəhidlər mənim övladlarımdır. Onların hamısı haqlarını, bütün əziyyətlərini, qanlarını bizə halal etsinlər.

- Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Ruhları şad olsun. Mənim oğlum da onların içində.

- Ürəkləri, məzarları nurla dolsun ki, Vətən alındı. Qanları ilə qan aldıq. Torpaqlar özümüzün oldu, Vətən özümüzün oldu. Biz də şadıq o günlərə ki, bir də bizim körpələrimiz, gəlinlərimiz bu ağır günləri görməyəcək.

- Axırıncı dəfə noyabrın 1-də danışdım. Dedi, ana, mən Şuşaya gedirəm. Halallıq istədi. Dedi, ana, şəhid olsam, başını dik tutarsan. Ancaq elə bir kəlmə dedi ki, Şuşaya qalxırıq, mənə xeyir-dua ver.

Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Görüş zamanı qeyd olunub ki, İkinci Qarabağ Müharibəsi dövründə Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin məzarüstü abidələri inşa olunub və məzarlığın giriş hissəsində xüsusi hazırlanmış mərmər lövhədə onların adları həkk olunmuş abidə quraşdırılıb. Bununla yanaşı, məzarların ətrafında abadlıq işləri aparılıb. Eyni zamanda, qəbiristanlığa gedən yola yeni asfalt örtüyü salınıb.

Daha sonra Badamdar qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış memorial kompleks ziyarət olunub.

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın