20:00 09 Oktyabr 2019 77
Ana səhifə Xəbərlər

Səhiyyə Nazirliyi hərəkətə keçdi - VİRUSLARA QARŞI

Qeyri-sabit hava şəraiti kəskin respirator virus xəstəliklərinin artmasına səbəb olub. Ümumi halsızlıq, qrip əlamətləri, boğaz ağrısı, burun tutulmaları uşaqlarla bərabər, böyüklərdə də müşahidə edilir.

APA TV-nin məlumatına görə, Səhiyyə naziri Oqtay Şirəliyev “2019-2020-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr də imzalayıb.

Səhiyyə işçilərinə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması, qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsi tapşırılıb.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib:“Xəstəxanalarda xüsusi palataların ayrılması, bütün tibb müəssisələrində əks epidemik rejimin gözlənilməsi, profilaktik tədbirlərin aparılması, sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə riayətin gücləndirilməsi kimi göstərişlər də verilib.”

Hazırda ötən ilin 9 ayı ilə müqayisədə bu ilin 9 ayında qripə yoluxma hallarında 13,4 faiz azalmalar müşahidə edildiyini deyən direktor müavini onu da bildirib ki, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması, Respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində müvafiq göstərişlər verilib.

Yoluxma hallarına daha çox kollektiv iş rejimində, təhsil müəssisələrində rast gəlinir. Buna görə də xəstələnsə belə işə, dərsə getmək məcburiyyətində olanlar başqalarını yoluxdurmaq istəmirsə, maskalardan istifadə etməlidir. Sahə həkimlərinə vaxtaşırı müraciət etmək isə yaddan çıxmamalıdır. Bir sözlə, hər bir insan özü-özünün həkimi olmalıdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın