09:20 04 Noyabr 2019 63
Ana səhifə Xəbərlər

Sellofan torbaların ömrümüzə tikdiyi “torba” - CİBİMİZ, YOXSA SAĞLAMLIĞIMIZ? | Reportaj

Son illər bir sıra dünya ölkələrində plastik məhsulların istifadəsindən imtina edilir və bunun obyektiv səbəbləri var. Məsələn, dünya okeanlarında çirklənmənin 70 faizi məhz plastik tullantıların payına düşür. Birdəfəlik istifadə üçün nəzərdə tutulan sellofan torbalar bu gün məişətimizdə birincilik təşkil edir. Qidaların saxlanması və daşınmasında istifadə olunan belə torbaların geniş yayılmasına əsas səbəb onun istifadəsinin asan və qiymətinin aşağı olmasıdır.

Mütəxəssislər hesab edir ki, sellofanların istehsalında əsasən neft, qaz və kömürdən istifadə olunur: “Polietilen paketlər ətraf mühitə düşdüyü zaman quruda 800 ilə suda isə 400 ilə parçalanaraq tələf olur. Hesab edirik ki, plastik paketlərin satışı dayandırılsın yerinə kağız paketlərdən istifadə edilsin. Çünki kağız paket ağacdan olduğu zaman daha tez həll olunur və daha təhlükəsizdir”.

Mütəxəssislər deyir ki, daha çox ət, balıq, süd məhsulları, meyvə və tərəvəzin torba ilə birbaşa təması insan sağlamlığı üçün böyük risk daşıyır. Elə bu səbəbdən də plastik torbalarda ərzaq mallarının daşınması və saxlanması tövsiyə olunmur. Reallıq isə bunun əksini göstərir. Alıcılar deyir satıcılar satmasın, satıcılar da deyir ki, sellofan torbalar onlara daha ucuz başa gəlir: “Üzüm, gilas, çiyələk və bu kimi tez xarab olan meyvələrin sellofan torbalarda daşınması və saxlanılması olduqca zərərlidir. Çünki sellofan torbanın tərkibində olan maddələr həmin ərzaqların tərkibinə keçərək bizim orqanizmimizə daxil olur. Bu isə insan sağlamlığına ciddi ziyan vurur”.

Meyvə və giləmeyvələr sellofan torbalarda saxlandığı halda, onları mütləq kağıza bükmək lazımdır. Bununla da onun sellofan paketlə miqrasiyası azalmış olur. Bu məhsulları uyğun şəraitdə saxlamadığımız təqdirdə onun içində olan zərərli maddələr temperaturun təsiri ilə tədricən parçalanmağa başlayır. Bu da olduqca zərərlidir.

Xatırladaq ki, plastik torbaların istehsalı gəlirli biznesdir, ötən yüzilliyin 50-ci illərində Amerikada start götürüb. Birdəfəlik şəffaf torbalar real inqilab yaradıb və hər yerdə ondan istifadə etməyə başlayıblar. İndi bir çox ölkələr onların istifadəsinə məhdudiyyət və ya qadağa qoyur, çünki insanlar plastik torbaların ətraf mühitə və insan sağlamlığına zərərli olduğunu başa düşüblər: “Polietilen torbaların da istifadəsinin məhdudlaşdırılması məsələsi bu gün gündəmdədir. Digər ölkələrdə olduğu kimi bizim ölkəmizdə də yüngül çəkili torbaların ödənişli olması, çox yüngül çəkili torbaların isə qadağan olunması ilə bağlı aidiyyəti qurumlarla razılaşdırılması mərhələsindədir”.

Qeyd edək ki, Azərbaycana kağız əsasən Rusiyadan idxal olunduğuna görə ölkədə belə məhsullar üçün yerli xammal azdır. Bəs sellofan torbalar kağız torbalarla əvəz edilərsə, ölkəmizdə meşə təsərrüfatının məhvinə səbəb olmazmı?

Araşdırma zamanı məlum olub ki, həmin o kağız torbalar təkrar emal nəticəsində əldə edilir, ya da digər ölkələrdən idxal edilir. Yəni bizim meşələrin qırılması təhlükəsi gözlənilmir.

Hazırda Bakıdakı kağız paketlər ölçüsündən asılı olaraq 1 kiloqram paketə görə 3 manat təklif olunur. Hər halda, canımıza dəyən ziyan cibimizə dəyən ziyandan qat-qat artıqdır. Gəlin canımızın qeydinə qalaq ki, sonradan peşman olmayaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın