16:12 23 May 2020 417
Ana səhifə Xəbərlər

Şəmkirdə narkotik satan dəstə üzvləri yaxalandı

Şəmkir polisi külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Möhsün Hacıkişiyev və əvvəllər məhkum olunmuş Zakir Əmiraslanov saxlanılaraq polis şöbəsinə gətirilib. Baxış keçirilən zaman Hacıkişiyevin üzərindən 1.164 qram, Zakir Əmiraslanovdan isə 0.478 qram heroin aşkar olunub:

Saxlanılan Möhsün Hacıkişiyev narkotiki 130 manata aldığını bildirib: “Şiştəpə sakinindən 2 qram heroin aldım. Özüm istifadə etməliydim. Amma istifadə edə bilmədim. Polislər tərəfindən yaxalandım. 130 manata almışdım”.

Zakir Əmiraslanov da narkotik vasitəni aldığını etiraf edib: “Narkotik vasitə olan heroinlə tutuldum. Ramizdən yarım qram heroin almışdım. Öz istifadəm üçün almışdım. İstifadə edə bilmədim”.

Müstəntiq Vüqar Emçiyevin sözlərinə görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni saxlanılan şəxslərə satmaqda şübhəli bilinən Şəmkirin Şiştəpə kənd sakini, əvvəllər məhkumluq həyatı yaşayan Ramiz Əliyev də yaxalanıb: “Ramiz Əliyevin Şəmkir rayon Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 4,809 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb”.

İlkin dindirilmə zamanı Ramiz Əliyev narkotik vasitələri satış məqsədilə İmişli sakinindən aldığını bildirib: “İmişli rayon sakini İlham adlı şəxsdən qramını 35 manata alırdım. Gətirib Şəmkir rayon sakini Elçin adlı şəxsə bir dəfə 2 qramını 130 manata, Zakir adlı şəxsə isə yarım qramını 30 manata satmışam”.

Şəmkir və İmişli rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik alqı-satqısı ilə məşğul olan şəbəkənin digər üzvü İlham Qəhrəmanov da saxlanılaraq İmişli rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman çəkisi 17 qram heroin tapılıb: “Mən İmişli rayon sakini Qəhrəmanov İlham, Şəmkir sakini olan Ramizə 3-4 gün bundan əvvəl narkotik vasitə olan heroin satmışam. Bu gün də ona 15 qram narkotik vasitə olan heroini satarkən polis əməkdaşları tərəfindən tutulmuşam”.

Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Fuad Nazimoğlu

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın