19:02 16 Sentyabr 2020 269
Ana səhifə Xəbərlər

Şəmkirdə şəhid ailəsi üçün tikilən evi sökən şəxs həbs edildi

Şəmkirin Dəllər qəsəbəsində Qarabağ şəhidinin ailəsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılıb və dövlət vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə başlanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, ancaq qəsəbə sakini Edqar Osmanov prosesə müdaxilə edərək məsələ ilə bağlı sosial şəbəkələrdə qeyri-dəqiq informasiyalar yayıb. Onun iddiasına görə, şəhid Zaur Abbasovun həyat yoldaşı, II qrup əlil, Minayə Abbasova üçün fərdi yaşayış evi məscidin ərazisində tikilir.

Dəllər Bələdiyyəsinin sədri Ramin Əhmədovun sözlərinə görə, əslində isə məsələ tam fərqlidir: “Sözügedən yerdə heç bir məscid söküntüsü olmayıb. 2006-cı ildə burda məscid tikmək üçün bir neçə qəsəbə sakini tərəfindən müvafiq dövlət qurumlarına müraciət olunub və buna müsbət cavab verilməyib”.

Bələdiyyə sədri deyir ki, ərazi boş və istifadəsiz olub. Şəhid ailəsi üçün məhz bu yerin seçilməsi ilə bağlı qərar isə onların öz xahişi nəzərə alınaraq verilib. Şəhidin anası Minayə Abbasova deyir ki, onların guya ərazidən imtina etməsi ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil: “Mən dedim ki, mənə elə yerdən yer verin ki, xəstəyəm tez-tez həkimə gedirəm, yola yaxın olsun. Buranı verdilər dedim yaxşıdır, sağ olun. Bu yerdən imtina etməmişəm”.

Bütün bunlarla istəyinə çatmayan qəsəbə sakini Edqar Osmanov gecə həmin əraziyə gələrək şəhid ailəsi üçün tikilən evin bir hissəsini söküb. DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyir ki, şəhid ailəsi və yerli icra strukturları məsələ ilə bağlı polis əməkdaşlarına müraciət edib: “Müraciət əsasında RPŞ-nin əməkdaşları əraziyə gələrək onunla profilaktik söhbət aparıb. Ancaq o əməllərinə davam edəcəyini bildirib. Buna görə də həmin şəxs saxlanılıb və barəsində hazırlanan protokol məhkəməyə təqdim olunub”.

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində 10 sutkalıq həbs verilib. Ancaq şəhid ailəsi deyir ki, Edqar Osmanov onları bundan sonra tikilən evi dağıtmaq və yandırmaqla hədələyir.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın