16:34 04 İyul 2020 547
Ana səhifə Xəbərlər

Sərt karantin rejimi rayonlarında fermerlər kimdən icazə almalıdır? – RƏSMİ AÇIQLAMA

İyulun 4-dən Azərbaycanın 16 şəhər və rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq olunur. Həmin rayonlar sırasında aktiv taxıl biçini, meyvə və tərəvəz yığımı gedənlər də var.

Hazırda ölkənin ən böyük taxılçılıq rayonu sayılan Şəkidə biçin prosesinin ən aktiv dövrüdür. Xaçmazda taxıl biçini ilə yanaşı, həm daxili bazarlar, həm də ixrac üçün meyvə-tərəvəz yığımı gedir.

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu bu kimi bölgələrdə fermerlərin hərəkətinin təşkili necə tənzimlənəcək? Fermerlər sahələrə biçin aparmaq, meyvə-tərəvəz tədarük etmək üçün icazəni kimdən və hansı formada alacaqlar?

APA TV-nin xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov bu suallara aydınlıq gətirib. O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, karantin rejimində fermerlərin hərəkətinin təşkili elektron hökumət portalı olan icaze.gov.az üzərindən həyata keçiriləcək: “Yəni kənd təsərrüfatı ilə məşğul olan, taxıl biçininə çıxacaq fermerlər yerli icra hakimiyyəti orqanlarına müraciət edəcək. Bu qurumlar həmin fermerlərin adını icazə portalına daxil edəcək. Bundan sonra həmin şəxslər sərbəst şəkildə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün sahələrə çıxa biləcəklər”.

O ki, qaldı həmin fermerlərin rayonlararası hərəkətinə… “Bir rayonda yaşayan fermerin digər rayon ərazisində taxıl sahəsi ola bilər, bağı ola bilər. Nəzərə alaq ki, bağda meyvə yığımı, dərmanlama mövsümüdür. Bunlarla bağlı rayonlararası hərəkətin təşkilini Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) təmin edəcəklər. Rayonlararası hərəkət üçün icazə almaq istəyən fermerlər sərt karantin rejimi tətbiq olunmuş rayonda DAİM-ə müraciət etməli və onların adları elektron kənd təsərrüfatı informasiya sistemində olması əsas götürülərək, icazə portalına daxil ediləcək”.

Hüquqi şəxslərə gəlincə, onlar bu zamana qədər sərt karantin rejimində tətbiq olunan ənənəvi qaydaya əsasən, öz işçiləri haqqında məlumatları limit əsasında icaze.gov.az portalına daxil edib, onların hərəkətini təmin edə bilərlər.

Koronavirusun kənd təsərrüfatına təsirini minimuma endirmək üçün hökumət tərəfindən müvafiq addımlar atılıb. Həmin icazə portallarında məlumatların yerləşdirilməsi ilə bu problem həllini tapacaq.

Elvin Paşazadə,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın