08:00 10 Yanvar 2020 501
Ana səhifə Xəbərlər

Servisdən alınan maşının rəngi niyə gedir? - ARAŞDIRMA

Gördüyünüz bu avtomobil 2012-ci il istehsalıdır. Çəmi 6 yaşı olan avtomobil müştəriyə “PERFORMANCE CENTER CO “ MMC tərəfindən satılıb. Bakı şəhər sakini Kənan Quliyev “Chevrolet Orlando”nu özünə toy hədiyyəsi edib. Amma hədiyyənin sevinci uzun sürməyib.

Kənan Quliyevlə şirkət arasında elə həmin il alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə uyğun olaraq avtomobili texniki saz halda alıcının mülkiyyətinə verib. Avtomobilin qiyməti tərəflərin razılığı ilə 20.700 manat müəyyən edilib: “Avtomobili bir neçə il heç bir qəza törətmədən istismar etdikdən sonra üst dam örtüyünün rəng qatının getdiyini gördüm. İstismar müddəti 4 ili tamam olub, 5-ci ilə keçmişdi. 2018-ci ilin mart ayından avtomobili aldığım şirkətin rəsmi təmsilçiliyinə müraciət etdim. Sırf rəngin diaqnostikası ilə bağlı”.

Müştərinin müraciəti ABŞ istehsalı olan “Chevrolet” və “Cadillac” avtomobillərinin Azərbaycandakı rəsmi dileri olan “Performance Center-Chevrolet Azərbaycan” tərəfindən araşdırılır. Kənan Quliyevə bildirilir ki, rəng istehsalla uyğunluq təşkil edir: “Maraqlısı isə budur ki, avtomobilin heç bir yerindən rəng tökülmür, bozarmır, lakin dam örtüyündən dayanmadan rəng tökülür. Hətta bu rəng adi yuyulma, silinmə zamanı belə pozulur. Beləliklə, mən pretenziya məktubu ilə maşını aldığım rəsmi dilerə müraciət elədim”.

Müştəri problemin məhkəmə yolu ilə deyil, müqavilə bağladığı MMC ilə aralarında həll olunacağına ümid edib məktubun cavabını gözləyir: “Bu müraciət həm də müqavilə tələbindən irəli gəlir. Müqavilə tələbindən irəli gələn münasibətlərin tənzimlənməsi də pretenziya qaydası ilə həyata keçirilir. Nəticə əldə edə bilmədiyimdən, məhkəməyə müraciət etdim. İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxıldı. Artıq 1 il 6 aydır ki, proses davam edir və birinci instansiya məhkəməsi yekunlaşıb”.

Müştərinin ekspertiza vəsatəti məhkəmədə iki dəfə təmin olunub. Kənan Quliyevin sözlərinə görə, ilk ekspertiza vəsatəti üst dam örtüyünün tökülən hissəsindəki rəng qatının maşının digər hissələrinin zavod rəngi ilə eynilik təşkil etdiyini təsdiq etmək, ikincisi isə mexaniki zədə nəticəsində əmələ gəldiyini araşdırmaq üçün təmin edilib: “Hər iki proses zamanı sübut olundu ki. rəng qatı digər hissələrdəki rəng qatı ilə eynilik təşkil edir. Məhkəmə zamanı müəyyənləşdi ki, rənglərin kimyəvi tərkibi də eynilik təşkil edir. Yəni avtomobilik ilk istismarçısının mən olduğum da təsdiq edildi. Digər kustar üsulla rənglənmədiyi bildirildi. Burda mənim şübhəm yekunlaşdı”.

Müştərinin şübhəsinə məhkəmə instansiyasının qərarı ilə aydınlıq gətirilsə də, avtomobilin dam örtüyünün rəngi qopub tökülməkdə davam edir: “Avtomobili yalnız maşın ustasına məsləhət üçün aparmışam. İstifadə etdiyim müddətdə heç bir ustanın dam örtüyünə müdaxiləsinə icazə verməmişəm. Əgər kiçik bir hissə olsaydı, düşünərdim ki, bu qəza və yaxud daş və çınqıl sıçraması nəticəsində yaranıb. Yəni rəng tökülən yerdə heç bir mexaniki təsirə məruz qalmayıb”.

Məhkəmə iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı Kənan Quliyev məhkəmə iclasında maddi ziyanın vurulmasına dair iddiasını Mülki Prosessual Məcəllənin 77.1 maddəsinə uyğun qaydada sübut edə bilməyib. Bundan sonra zərərçəkən ehtiyat tələbinin artırılması ilə bağlı məhkəmə müraciət edib. Avtomobilin 3 illik zəmanəti olduğunu nəzərə alan məhkəmə elə zəmanət müddətinin bitməsi səbəbindən müştərinin iddiasını təmin etməyib.

Yeri gəlmişkən, “İstehlakçı hüquqlarının qorunması haqqında” qanunun 7-ci maddəsinin birinci bəndinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və istehsalçıdan malın dəyişdirilməsini və s. tələb edə bilər. Müştəri isə hesab edir ki, problemin həlli üçün istehsalçı məsuliyyət daşımalıdır.

Məsələni araşdırmaq üçün cavabdeh “Performance Center Co.” MMC-nin mövqeyini öyrənmək üçün sözügedən şirkətin direktor müavini Əligüşad Xıdırovla görüşdük. Müsahibə verməkdən imtina edən Ə.Xıdırov məhkəmə prosesinin davam etdiyindən xəbərdar olduqlarını bildirdi. MMC rəsmisi proses bitdikdən sonra qanuna müvafiq şəkildə məhkəmənin qərarının icra olunacağını qeyd etdi.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın