21:20 04 Aprel 2018 533
Ana səhifə Xəbərlər

Sirk təlimçisi: "Pələngləri əhliləşdirmək asandır, çünki..." - REPORTAJ

Odlu çevrələrin içindən tullanan şirlər, iki ayaq üstə rəqs edən fillər, bəzəkli qiyafədə gülməli hərəkətlər göstərən nəhəng ayılar.... Bu cür hərəkətlər heyvan təbiətinə yad olsa da, sirkdə buna şahid ola bilirik. Təbii ki, bütün bunlar insanın yüksək iradəsi, gücü və qüdrəti hesabına baş tutur.

Sirklər bəlkə də yeganə yerdir ki, yırtıcı heyvanları belə uşaqlara sevdirməyi bacarır. Bu gün uşaqlarımızın sevərək baxdığı vəhşi heyvanların müxtəlif diqqətçəkici tryukları heç də asan başa gəlmir. Çünki bu işlə uzun illər məşğul olan təlimçilər var. Onlar xüsusi metodlarla vəhşi heyvanları özlərinə tabe etdirirlər.

22 yaşlı Konstantin Klementyev deyir ki, gözünü açandan bütün həyatı sirkdə keçib. Atası uzun illərdir sirkdəki ayıların təlimi ilə məşğuldur: "Biz ayıların əhliləşdirilməsi ilə məşğuluq. Rəsmən 5 ildir burada işləyirəm. Ayılar həmişə mənim yanımdadır. Onları böyütmək üçün doğulan kimi götürürük. Əvvəlcə damcı, daha sonra əmziklə qidalandırır, özümüzə öyrəşdiririk. Heyvanlar əsasən zooparkdan və ya ovçular tərəfindən gətirilir. Heyvanlarla onlar böyüdükdən və bizə öyrəşdikdən sonra məşğul olmağa başlayırıq. Onlara hər tryuk üçün hədiyyə veririk".

Konstantin deyir ki, hər bir heyvanın öz psixologiyası var. Heyvanları, xüsusilə də ayıları əhliləşdirərkən ilk növbədə onları başa düşmək lazımdır: "İtlərlə işləmək çox asandır, çünki onlar insana tez öyrəşə bilir. Ayılar təlimçiyə öyrəşsə də, onlara qarşı xüsusi sevgiləri yoxdur. Ayılara nəyisə öyrətmək üçün onları ilk növbədə başa düşməlisən. Bunu etmədən öyrətməyə çalışırsansa, sənə hücum edəcəklər".

Təlimçinin sözlərinə görə, heyvanlar arasında ən asan ram edilən heyvanlar pələnglərdir. Çünki onların nə hiss etdiyini tez anlamaq mümkündür: "Pələngləri əhliləşdirmək asandır, çünki onlar pişik kimidir və nəvaziş sevəndirlər. Pələng də insana hücum edə bilər, amma ayıdan fərqli olaraq, onların nə hiss etdiyini anlamaq asandır. Ayı insana gözlənilmədən hücum edir. Lakin əgər sən onları başa düşüb nə istədiyini bilirsənsə, belə bir şey heç vaxt olmayacaq".

Fillər hələ körpəlikdən ana fillərdən ayrılır və ayaqlarına dəmir zəncirlər vurulur, qapalı yerdə möhkəm bir dirəyə bağlanaraq ac-susuz saxlanılır. Körpə fil qaçmağa cəhd etdikdə, ayaqlarına kilidlənmiş zəncir onu daha da incidir və bu, get-gedə fillərin müqavimət gücünü, azad olmaq istəyini sarsıdır. Bunu anlayan təlimçilər fillərin ayaqlarındakı zəncirləri açaraq, onları çox nazik taxta çubuqla əvəzləyirlər. Bu şərtlərdə fil rahatlıqla qaça biləcəyi halda belə qaçmır. Çünki artıq onlarda xilas ola bilməyəcəyi instinkti yaranmış olur. Bəzi təlimçilər isə fillərin iki ayaq üstə rəqs edə bilməsi üçün pəncələrini yandırır. Digər vəhşi çöl heyvanları - şirlər, pələnglər də buna bənzər üsullarla ram edilirlər.

Bəzən əhliləşdirmə metodları rəqs edən, gülməli hərəkətlər göstərən heyvanların qəfil qəzəbinə və təhlükə yarada bilmələrinə səbəb olur. Hətta heç təsadüfi deyil ki, zaman-zaman dünya təcrübəsində vəhşi heyvanların sirklərdən qaçdığına şahid oluruq. Araşdırmalara görə, 1990-cı ildən bu günə qədər şirlər 46 insanın, ayılar 8-i uşaq olmaqla 13 nəfərin, primatlar 2 insanın ölümünə, 130 nəfərin yaralanmasına, fillər isə 57 insanın ölümünə, 120 insanın yaralanmasına səbəb olub.

Təlimçi bildirir ki, onların təcrübəsində heyvanlara şiddət göstərmək üsulu yoxdur. O, hətta heyvanları bu cür üsullarla əhliləşdirən təlimçiləri qeyri-peşəkar adlandırır: "Bizdə heyvanları, filləri döymək kimi hallar olmayıb. Hər şey əslində təlimçidən asılıdır. Bunu əsasən işini bacarmayan təlimçilər edir. Heyvanı anlayan təlimçi isə işini nəvazişlə yerinə yetirir. Bu zaman heyvan sənə cəzasız tabe olur. Amma əgər ayı təlimçini dişləyirsə, o zaman cəza kimi yox, xəbərdarlıq şəklində vura bilirik".

Heyvanların qidalandırılması prosesi də təlimin ən önəmli hissələrindən biridir. Onların qidalanması da mövsümə uyğun aparılır: "Qışda onlar piyləndiyi üçün az, yayda isə daha çox yeyirlər. Ona görə də yayda biz onlara iki-üç, qışda isə bir-iki dəfə yem veririk. Əsasən meyvə-tərəvəz, çörək, qatılaşdırılmış süd və peçenye, yumurta və tərəvəz veririk. Meyvələrdən banan, portağal, armud və alma verilir. Mövsümə görə əgər biz Çindəyiksə, onlara ekzotik meyvələr də veririk. Onlar mümkün olan hər şeyi yeyirlər".

Qeyd edək ki, bu gün bəzi dünya ölkələrində yalnız jonqlyor, kəndirbaz, klounların yer aldığı sirklərə rast gəlmək mümkündür. Çünki İsveçrə, Avstraliya, Kosta-Rika, Hindistan, Finlandiya və Sinqapur kimi ölkələrdə sirkdə heyvanlardan istifadə edilməsi qadağan olunub.

Müəllif | Apa.Tv

Ayşən Əhməd

Kodu kopyalayın