14:30 29 Oktyabr 2020 183
Ana səhifə Xəbərlər

Şirvanda 8 gün öncə şəhid olan hərbçimizin oğlu dünyaya gəldi

Zeynal Alim oğlu Zülfüqarlı 20 oktyabr 2020-ci ildə Böyük Vətən Müharibəsində qəhrəmancasına şəhid olub. Torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən 25 yaşlı çavuş Zeynal Zülfüqarlı bir il öncə ailə həyatı qurmuşdu.

APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gün qəhrəmanımızın öz adını daşıyan bir övladı dünyaya gəlib.

Tanrı şəhidin əvəzini verdi. İndi şəhid oğlu şəhid atasının adını daşıyacaq. Zeynal Zülfüqarlının ailəsi indi həm sevinir, həm də kədərlənir. Sevinirlər ona görə ki, onların oğlunun adını daşıyacaq balaca Zeynal dünyaya gəlib. Kədərlənirlər ona görə ki, atası onun adını daşıyacaq körpənin üzünü görə bilmədi:

Şəhidin anası Şəlalə Zülfüqarlı oğlu ilə fəxr etdiyini deyir: “Övladının adını Zeynal qoyacam - Zülfüqarlı Zeynal. Deyirdi, ana, Murovu, Zəngilanı, Füzulini sənin igid oğlun alıb, fəxr edə bilərsən. Fəxr eləməli oğul idi. Allah hamıya belə oğul qismət eləsin. Mən də fəxr edirəm ki, o cür oğulun belə igid oğlu olub. Atasının dünəndən üzü gülür - bir gözü gülür, bir gözü ağlayır”.

Şəhid Zeynal Zülfüqarlının atası Alim Zülfüqarov nəvəsinin dünyaya gəlməsinə sevinir: “Övladı dünyaya gəldi elə bil ki, bizim üzümüzə təbəssüm gəldi bir az. Allaha min şükür! Allah bir qapını bağlayanda bir qapını açır. Şəhid oldu, yüksək zirvəyə qalxdı. Körpəsi dünyaya gəldi. Körpəsi böyüyəcək atasına, elinə-obasına layiq övlad olsun”.

Balaca Zeynal atasının uğrunda şəhid olduğu şanlı bayrağa bürünərək xəstəxanadan çıxarılıb.

Baş Həkim Sevda Həsənova Ordumuzla fəxr etdiyini, şəhidlərimizin and yerimiz olduğunu bildirir: “Bu gün bizim vətən uğrunda canından, qanından keçən Zülfüqarlı Zeynalın övladı dünyaya gəlib. Biz onunla fəxr edirik, qürur duyuruq, and yerimizdir. Qüdrətli Ordumuzun gözü arxada qalmasın. Biz hər vəchlə onları dəstəkləyirik, onların yanındayıq. Ali Baş Komandanımızın dəstəyi ilə qalib gəlirik və gələcəyik. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Şəhid Zeynal Zülfüqarlının ailəsi deyir ki, oğulları aprel döyüşlərində qəhrəmancasına şəhid olan Milli Qəhrəman Murad Mirzəyevdən sonra hərbçi olmağa qərar verib:

- Zeynal elə bir uşaq olub ki, qonşumuz, Aprel döyüşlərində şəhid olan Milli Qəhrəman Murad Mirzəyevin arzusu ilə döyüşə gedib. Aprel şəhidi olandan sonra deyirdi ki, ana, Muradın davamçısı olacam, onun qanını yerdə qoymayacam. O, Muradın şəklini bizdə dekorun üstünə yapışdırmışdı. Götürüb qapının üstünə qaldırmışdı, deyirdi o, peyğəmbər qədər ucadır. Çünki o, vətən yolunda ucalığa layiq olan bir insandır.

- Allah bütün şəhidlərimizə rəhmət eləsin, mənim oğluma da həmçinin! Zeynal körpəliyindən vətənpərvər idi. Həmişə özünə silah düzəldərdi, silahla oynayardı. Oyuncaq silahı ilə atardı, vurardı. Aprel hadisələrində əsgəlikdə idi. Murad Mirzəyev şəhid oldu. Dedi, ata, mən gedib hərbçi olacam, onun intiqamın alacam. Seçim oldu bu da yazıldı getdi. Seçilənlərdən biri də Zeynal oldu. Ayın 20-də şəhid olub. 8 gün yaşasaydı, oğlunu görərdi. Özün də görməsəydi, “WhatsApp”la şəkilin göndərərdik görərdi. Görə bilmədi. Az ömür sürdü, amma şərəfli ömür sürdü.

Zeynal Zülfüqarlının qayınatası Vahid Fətiyev də onunla fəxr etdiyini bildirib: “Oğlumla bir yerdə böyüyüblər. Fərqli uşaq idi, məsuliyyətli idi. Davranışı ilə fərqlənirdi. Hiss olunurdu ki, qeyri-adi uşaqdır. Böyüyüb başa çatdılar. Hərbçi idi, qapımıza gələndə qız istəməyə, başucalığı ilə “hə” dedim. Oğlumun da üzündə təbəssüm yarandı. Dost idilər, xoşuna gələn idi ki, bacısını əmanət etdi. Ailə qurdular, çox təəssüf ki, öz övladını görə bilmədi”.

Biz bir ölər, min dirilərik. Allah şəhidimizə rəhmət eləsin, onun adını daşıyan oğluna isə uzun ömür versin!

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın