15:56 25 Yanvar 2021 378
Ana səhifə Xəbərlər

Şirvanda həkimlər əməkhaqlarına əlavəni ala bilmirlər – DÖVLƏT AGENTLİYİNDƏN AÇIQLAMA

Şirvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) əməkdaşları əmək haqlarına müddətli əlavənin ödənilməməsindən narazıdırlar.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, tibb işçiləri pandemiya dövründə, sutkanın 24 saatı ərzində ciddi karantin rejimi tətbiq olunan və yoluxma sayı çox olan Şirvan şəhərində COVID-19-la mübarizədə yaxından iştirak etmələrinə baxmayaraq, Nazirlər Kabinetinin 112 saylı qərarına əsasən nəzərdə tutulan aylıq əmək haqlarına əlavələrin ödənilmədiyini deyirlər.

Şirvan TTTYS-nin həkimi İbrahim Şərifov bildirib ki, xəstəxananın yeni və əvvəlki rəhbərliyi artımın gah bir dəfəsini, bəzən isə yarım dəfəsini veriblər: “Biz lazım olan yerlərə müraciət edəndə xəstəxananın yeni direktoru belə iddia edir ki, guya o, noyabr ayı üçün 20 min manat qənaət etmişəm. Biz sual edirik ki, necə olur ki, pandemiyanın ən pik vaxtı, yəni xüsusilə noyabr ayı hər gün, statistik məlumata görə, 4 mindən yuxarı yoluxma halı olduğu halda necə sən 20 min manat qənaət edə bilərsən? Deməli, əslində sən mübarizəni 20 min manatlıq aşağı salmısan. Bu, həm Prezidentin qərarına ziddir, həm xalqa, həm də Prezidentə qarşıdır”.

Həkim Füzuli Ələkbərov isə hər ay eyni rejimdə işləməsinə baxmayaraq, müxtəlif məbləğdə məvacib aldığını deyir: “Bir ay 1050, bir ay 1200, bir ay 1400 verirlər. Düzgün yerinə yetirilmir bu heç. Noyabr-dekabr aylarında, ümumiyyətlə, mənə bir fərd olaraq noyabr ayı üçün 237 manat, dekabr ayında almışam 217 manat veriblər. Amma TƏBİB-in öz düsturu var, o düsturla hesablayanda mən 1500 manat almalıyam. Bunlar daxildə direktor, baş mühasib İlham müəllim olmaq şərti ilə komissiya yaradıblar. Bu komissiya özü hesablamalar aparır”.

Həkim-feldşer Kamran Dadaşov istirahət günlərində işləməyə görə də heç bir əlavə ödəniş almadıqlarını vurğulayıb: “Bəzən qeyri-iş günü bizi evdən çağırırdılar. Bunların heç biri qeydə alınmayıb. 87 nəfər müraciət etmişik tələbimiz odu ki, prezidentin sərəncamı yerinə yetirilsin”.

Həkim-feldşer Bəxtiyar İbrahimov digər bölgələrdə çalışan həkimlərlə əlaqə saxladıqlarını söyləyib: “Prezidentimizin verdiyi sərəncam digər bölgələrdə olduğu kimi icra olunur. Məsələn, tələbə yoldaşlarımız, iş yoldaşlarımızla əlaqə saxlamışıq hamısı necə lazımdırsa, o qaydada alınıb - bizim əvvəllər aldığımız qaydada. Noyabr ayından Şirvan şəhərində bu haqsızlığa yol verilir, məsələn, sürücülərimiz gedir-gəlir, sanitarlarımız əlini çırmalayır, avtomobili yuyur. Bu gün sanitarlarımızın heç birinə bir qəpik də verilmir. Halbuki onlar da birbaşa COVID-lə mübarizə aparan adamlardır”.

Məsələyə aydınlıq gətirmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentliyin Maliyyə departamentindən bildirildi ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Nazirlər Kabinetinin qərarına müvafiq olaraq yalnız infeksiya ilə mübarizə tədbirlərinə cəlb edilən işçilərə cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavələrin ödənilməsi nəzərdə tutulub: “Şirvan şəhər Mərkəzi Xəstəxanası tərəfindən Agentliyə təqdim edilmiş məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin 2020-ci ilin noyabr ayı üçün təqdim edilmiş iş vaxtı tabellərinə əsasən ilkin hesablamalar aparılarkən işçilərin əmək haqlarına hesablanmış müddətli əlavənin məbləği 87 366 manat təşkil etdiyi məlum olub. İş vaxtı tabellərinin, ilkin mühasibatlıq cədvəllərinin təhlili zamanı aydın olub ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 77 işçisinə 24 iş günü və aylıq 144 saat nəzərə alınmaqla müddətli əlavə hesablanıb. Bütün bunları nəzərə alaraq 2020-ci ilin 30 dekabr tarixində tibb müəssisəsi rəhbərliyinin 38 nömrəli əmri ilə komissiya yaradılıb. Komissiya tərəfindən çağırış-qeydiyyat jurnallarına, təcili yardım sürücülərinin yol vərəqlərinə, götürülən yaxmaların qeydiyyat sənədlərinə baxış keçirilib. Nəticədə məlum olub ki, ötən ilin noyabr ayı ərzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının yalnız 60 nəfər işçisi daha az iş günü və iş saatı ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilib, buna əsasən həmin işçilərin əmək haqlarına hesablanmış müddətli əlavənin məbləği cəlb olunduqları iş vaxtına mütənasib olaraq 20 157 manat təşkil edib və qanunvericiliyə uyğun olaraq məcburi tutulmalar (gəlir vergisi, məcburi dövlət sosial sığorta ayırmaları, işsizlikdən sığorta haqqı) tutulduqdan sonra ödənilib”.

Qeyd edək ki, tibb müəssisələrinin əməkdaşları yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə zərurətlə əlaqədar növbəlilik qaydasında cəlb edilirlər. Belə ki, həmin tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir.

Əlibəy Zeynallı

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın