04:55 28 Fevral 2021 96
Ana səhifə Xəbərlər

Şirvanda qadını evində boğaraq qətlə yetirən qardaşlar həbs edilib

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, fevralın 5-də səhər saatlarında şəhər ərazisində 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin skoçla bağlı vəziyyətdə meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şirvan şəhər prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisənin təfərrüatlarının və cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi məqsədilə prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək Durna Dadaşovanı qəsdən öldürməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunub.

İstintaqla 1993-cü il təvəllüdlü Surxay Seyfullayevin tanışı 1988-ci il təvəllüdlü Elçin Əhədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında fevralın 4-dən 5-ə keçən gecə saatlarında tamah məqsədi ilə E.Əhədovun qonşusu Durna Dadaşovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Surxay Seyfullayev və Elçin Əhədov şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunublar.

Eyni zamanda APA TV-nin əldə etdiyi məlumata görə, hadisəni törətməkdə təqsirli bilinən digər iştirakçı qətli törədənlərdən birinin qardaşı, 1985-ci il təvəllüdlü Əhədov Arif Ötərxan oğlu da şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən Elçin Əhədovun yaşadığı evə baxış keçirilib, onun evindən D.Dadaşovanın mənzilində olmuş müşahidə kamerasının yaddaş aparatı və digər maddi sübutlar aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın