17:45 31 May 2020 244
Ana səhifə Xəbərlər

Siyavuş Novruzov: “ABŞ-ın digər ölkələrə səpdiyi toxumlar indi özünə qayıdır”

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasın gündəliyinə 12 məsələ daxil edilib.

İclasa deputatlar maskada qatılıblar. Vitse-spiker Fəzail İbrahimli iclasın aparılmasında çətinlik yaradacağı üçün spiker Sahibə Qafarovanın Milli Məclisin iclasını maskasız keçirməsini təklif edib. Bundan sonra spiker maskanı çıxarıb.

Cari məsələlərin müzakirəsi ilə başlayan iclasda ilk deputat Nizami Səfərov Ramil Səfərovun əfv edilməsi məsələsinə diqqət çəkib. O bildirib ki, Azərbaycan Avropa Konvensiyasına qoşulan zaman “Beynəlxalq müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasının 19-cu maddəsinin tələblərinə uyğun olaraq 12-ci maddəyə dair qeyd-şərtlə çıxış edib: “Həmin qeyd-şərtə əsasən, Azərbaycandan verilən məhkum olunan şəxs barəsində əfv və amnistiya qərarı Azərbaycanın müvafiq səlahiyyətli orqanları ilə razılaşdırılmalıdır. Konvensial maddə ilə belə bir qeyd-şərt Macarıstan tərəfindən edilməyib. Bununla bağlı tam məsuliyyətlə qeyd edə bilərəm ki, Azərbaycanın Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndindən irəli gələrək 31 avqust 2012-ci il ildə cənab Prezident tərəfindən Ramil Səfərov barəsində verilən əfv fərmanı birmənalı olaraq beynəlxalq hüquqi razılaşmadan irəli gəlir və dövlətimizin öz üzərinə götürdüyü öhdəliklərin hüquqi çərçivəsindədir”.

Birinci vitse-spiker Əli Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin müasir tariximizlə bağlı çıxışına diqqət çəkib. O bildirib ki, ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla həm də tarixçilərə dərs keçib: “Ölkə başçısının fikirləri həm tövsiyə xarakteri daşıyırdı, həm də yanlışlıqlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı. Son dövrlər ölkə başçısının bu çıxışını bir sıra mətbuat nümayəndələri də düzgün şərh etmədilər. Milli Şura üzvləri ilə yanaşı, heç tarixçilər bu məsələyə düzgün qiymət vermədilər. Dövlət başçısının verdiyi bu izahların təhrif edilməsinə heç bir ehtiyac yoxdur”.

Parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc ABŞ Dövlət Departamenti Dağlıq Qarabağla bağlı fikirlərinə münasibət bildirib.

Deputat Cavid Osmanov sosial şəbəkələrlə bağlı qanun hazırlanmasını təklif edib: “ABŞ kimi dünyada demokratiyanın göstəricisi sayılan ölkədə sosial şəbəkələrlə bağlı qərar qəbul olunub. Bununla saxta profillər üzərindən ölkəmizə qarşı şər-böhtan atanların qarşısı alınar. Son zamanlar Milli Şura ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhd edir. Xahiş edirəm ki, Milli Məclis gələcəkdə belə bir qanun layihəsinin qəbul olunmasına öz töhfəsini versin”.

Deputat Siyavuş Novruzovun məsələyə münasibəti isə belə olub: "Uzun illər ABŞ-ın digər ölkələrə səpdiyi toxumlar indi özünə qayıdır. Biz 3 il bundan qabaq məsələ qaldıranda ki, internetdən anonim şəkildə istifadə öz həllini tapmalıdır, şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməklə istənilən məsələ haqqında fikir və tənqidlərini söyləmək mümkündür, o zaman internetin sıxışdırılması ilə bağlı fikirləri irəli sürməyə başladılar. "Freedom House", SOROS və digərləri hanı? Trampa qarşı niyə söz deyə bilmirlər? ABŞ çörəyi yeyən Cəmil Həsənli, Arif Yunus, Sevinc Osmanqızı haradadır? Əgər Azərbaycanda internetlə bağlı hər hansı məsələ olsa idi, indi səsləri Avropa Şurasından gəlirdi”.

Cari məsələlərin müzakirəsindən sonra deputatlar gündəlikdə duran məsələləri müzakirə ediblər.

SEVİNC VAQİFQIZI

FAİQ HƏSƏNOV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın