15:21 01 İyul 2020 362
Ana səhifə Xəbərlər

Siyavuş Novruzov: “Ermənistan Azərbaycan Prezidentinin təşəbbüsünə qarşı çıxmaqla özünü rüsvay etdi”

“BMT yaranandan bəri xüsusi sessiyanın çağırılması hallar az-az baş verib. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüsün dəstəklənməsi ilk növbədə ona etimadın yüksək olmasından irəli gəlir”.

Bunu APA TV-yə müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən irəli sürülən yeni təklif yalnız ölkəsinin vətəndaşlarının təhlükəsizliyini deyil, eyni zamanda beynəlxalq birliyin aktual məsələlərini gündəmə gətirmək məqsədi daşıyır: “Cənab Prezident Qoşulmama Hərəkatını bir yerə topladı. Orada varlı və kasıb dövlətlər var. Prezident o zaman məsələ qaldırdı ki, varlı dövlətlər kasıb dövlətlərə pandemiyaya qarşı mübarizədə köməklik göstərsinlər. Bütün bunların nəticəsi olaraq 130 dövlət Prezident İlham Əliyevin BMT-yə müraciətini dəstəklədi. İnanırıq ki, bu ideya uğurla həyata keçiriləcək”.

Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsə qarşı çıxan yeganə dövlətin Ermənistan olduğunu deyən Siyavuş Novruzov hesab edir ki, hər bir məsələdə seyrçi mövqedə dayanmağa üstünlük verən işğalçı dövlətin sağlamlığa böyük zərbə vuran bir xəstəliyə qarşı mübarizəyə də qoşulmaması Ermənistanın məkrini bir daha ortaya qoydu. Rəsmi İrəvan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi: “Ermənistan hər zaman mövqesizliyini bildirib. O, hər yerdən təcrid olunmuş bir dövlətdir. Nə beynəlxalq aləmdə, nə Avropada, nə də Asiyada heç bir yerdə sayılmır. Onun MDB çərçivəsində bir neçə dövlətlə münasibəti var. Başqa heç bir dövlətlərlə münasibəti yoxdur. Bu ölkəyə silah, yemək, yardım havayı verilir, bu isə o deməkdir ki, Ermənistan ələbaxan dövlətlərdən biridir”.

Qeyd edək ki, BMT Baş Assambleyası ehtiyac duyduğu təqdirdə, xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərinin çox hissəsinin müraciətləri əsasında Baş katib tərəfindən çağırılmalıdır.

İlahə Vəliyeva

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın