17:20 05 İyun 2020 1153
Ana səhifə Xəbərlər

Siyavuş Novruzov: “Hərəsi bir dərədən çıxıb, özlərini demokrat adlandırır”

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

APA TV-nin xəbərinə görə, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

İlk olaraq sədr Sahibə Qafarova deputatları və Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşlarından qoyulan qaydalara əməl etməyi tələb edib: “Deputatlardan, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşlarından Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl etməyi tələb edirəm. İyunun 3-də möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir”.

İclasda cari məsələlərin müzakirəsi zamanı deputat Aqil Abbas Şuşanın yaranmasının 270 illiyi ilə bağlı tədbirlərin keçirilməsini təklif edib. O bildirib ki, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeydlik edilir. SİTAT “Bu il Şuşanın yaranmasının 270 illiyi tamam olur. Bu məsələ gündəmə gəlməlidir. Tariximizə qarşı bu qədər laqeydlik olmaz. Mən burada əyləşən deputat həmkarlarımı da bu məsələdə aktivlik göstərməyə çağırıram. Xahiş edirəm, xanım sədr siz də bu məsələni qaldırasınız”. SİTATIN SONU

Deputat Siyavuş Novruzov isə 23 il əvvəl Gəncədə baş verən hadisələrə diqqət çəkib: “O zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özünü demokrat adlandırır. O zaman Surət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri asacaq. Bunları ümummilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli qaçıb iki il Kələkidə gizləndi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi bir dərədən çıxıb, özlərini demokrat adlandırır. Bu məsələni bugünkü gənclərin diqqətinə çatdırmaq lazımdır. Bu insanlar tarixi saxtalaşdırmaqla məşğuldurlar. Heydər Əliyevin o zamankı fəaliyyətini yanlış istiqamətdə təqdim etməyə çalışırlar. Biz tarixi həqiqətləri düzgün çatdırmalıyıq”.

“Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs-qətimkan tədbiri seçilməməlidir” - deyən deputat Qüdrət Həsənquliyev isə bildirib ki, bununla bağlı qanuna dəyişiklik edilməlidir: SİTAT: “Cinayət Məcəlləsində sübutların saxtalaşdırılması məsələsinə yenidən baxılmalıdır. Burada hakimlərin məsuliyyəti nəzərdə tutulmayıb. Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilməlidir”. SİTATIN SONU

Deputat Vahid Əhmədov isə örüş və yaylaq sahələrinin vətəndaşlara düzgün paylanılması prosesinin həll olunmalı olduğunun vacibliyini bildirib. Deputat hesab edir ki, Nazirlər Kabineti bir zamanlar yerli icra hakimiyyəti orqanlarına örüş və yaylaqları vətəndaşlara paylamaq tapşırığını vermişdi. Amma icra hakimiyyətləri bu məsələni düzgün həll etmədi. Son vaxtlar Bərdədə, İmişlidə də örüş sahələri ilə bağlı problemlər ortaya çıxdığını deyən Vahid Əhmədov qeyd edib ki, bu yaxınlarda Qubada da belə ciddi hadisə baş verib. O, təklif edib ki, Milli Məclisdə ya bununla bağlı xüsusi qanun layihəsi qəbul edilsin, ya da Baş nazir bununla bağlı qərar versin.

İlahə Vəliyeva

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın