15:35 07 Avqust 2020 2192
Ana səhifə Xəbərlər

Siyavuş Novruzov: “Kim dərs götürəcəksə, işləyəcək. Götürməyənlər...”

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

APA TV-nin məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas dövlət büdcəsinə dəyişikliklərin üçüncü oxunuşda müzakirəsi ilə başlayıb.

“Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib ki, dünən Prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar onun ürəyincə olub.

O bildirib ki, vəzifəsini düzgün idarə etməyənlər kreslosunu boşaltmalıdırlar: “Neft Şirkətinin vəzifəsi neftdən qazanılan pulları xalqın rifahı üçün xərcləməkdir. Neft şirkətinin nə deputatları, nə də xalqın nümayəndələrini ağ və qara dəriliyə bölməyə ixtiyarı yoxdur. İmişlinin 10 kəndi qazlaşmayıb, camaat çıxıb yolu da bağlayır, vecinə alan yoxdur. Məgər on il ərzində bir-iki kəndi qazlaşdırmağı plana salmaq olmazdı? Olardı. Amma, sərf etmir. Çünki bütün məsələlərə hesab və kitabla baxılır və bu hesab-kitabın adı əyri yollar, əyri işlər və ziqzaqlı korrupsiya piramidasıdır. Hörmətli Rövnəq müəllim heç telefonu qaldırmır. Nəticəsi isə artıq görünür ki, çox ağır olacaq”.

Deputat Azərbaycan vətəndaşlarının təyyarə ilə xaricə Gürcüstandan uçmasına da irad bildirib: “Vətəndaşlarımız Azərbaycan dövlətinin, yəni Azərbaycan xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Nədir-nədir, təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və sairə. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri də yeyər, narahat kresloda da oturar. Guya 2-3 saat rahat kresloda otursa, həyatı dəyişəcək? Həyatı dəyişənlər sizsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu biabırçılıqdır. Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub. Siz pul qazanıb kreditlərinizi ödəməlisiniz, hələ dövlətə vergi də verməlisiniz. Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin”.

Deputat həmçinin bildirib ki, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı da iradlarını bir neçə gün sonra səsləndirəcək: “Vaxt azdır, bəzi sənədləri əldə etmək istəyirəm və mütləq o sənədləri əldə edib, canlı yayımda nümayiş etdirəcəyəm”.

Deputat Rəşad Mahmudov isə tibb sahəsində kadr çatışmazlığından danışıb: “Səhiyyə işçiləri 65 yaşına çatanda onların əmək müqaviləsinə xitam verilir. Bu, səhiyyə sistemində real vəziyyətə uyğun gəlmir və bir növ kadr çatışmazlığına səbəb olur. Bu, ölkənin səhiyyə sistemində vacib olan bir problemdir. Kənd və rayon yerlərində 40-50% ştatların boş olması da problemlər yaradır. Aidiyyəti qurumlar ortaq həll yolu tapıb bu məsələni həll etməlidir”

“Prezidentin dünənki çıxışından dərs çıxaranlar işləyəcək, çıxarmayanlar əvvəlkilərin taleyini yaşayacaq”-deyən komitə sədri Siyavuş Novruzov isə bildirib ki, keçmiş də yaddan çıxarılmamalıdır: “Azərbaycanda yol, işıq anlayışı yox idi. Qazdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. İndi isə 3 kənddə qaz yoxdursa, biz artıq onun davasını edirik. Azərbaycanda 95%-dən çox qazlaşma var. Heç sovet hökuməti dövründə belə şey yox idi. Əvvəllər olan silahlı, quldur dəstələr bu gün yoxdur. Bu gün biz azad, demokratik ölkədə yaşayırıq. Müəyyən problemlər var. Bu da normaldır. Guya ABŞ-da bu gün problem yoxdur? Orda da gündə kimsə kimisə öldürür, sərbəst toplaşmaq azadlığı pozulur. Təbii ki, nöqsanlar var və biz onları aradan qaldırmalıyıq. Bununla yanaşı, görülən işləri də deməliyik. Bu gün regionlar, rayonlarla şəhərlər arasında fərqi heç kim hiss etmir. Çünki abadlıq işləri davam etdirilir. Hər rayonda da yeni istehsal müəssisələri və iş yerlərinin açılmasını görürük. Dünənki çıxışında da ölkə Prezidenti bununla bağlı fikirlərini söylədi. Təbii ki, kim dərs götürəcəksə, işləyəcək. Götürməyənlər, əvvəlkilərin taleyini yaşayacaq”.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq üçüncü oxunuşdan sonra qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı bağlı elan edib.

Spiker bildirib ki, parlament üç gün ərzində səmərəli işləyib, 6 qanun qəbul edilib.

Növbədənkənar sessiya işini Dövlət himninin səsləndirilməsi ilə yekunlaşdırıb.

Qeyd edək ki, növbədənkənar sessiya çərçivəsində parlamentin üç iclası keçirilib. Sessiyada 2020-ci il dövlət büdcəsinə və digər qanunlara dəyişiklikləri qəbul edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın