03:20 25 İyun 2020 488
Ana səhifə Xəbərlər

Sizin və bizim Lent.az 12 yaşında - REPORTAJ

Bu gün ölkədə onlayn media üzrə operativliyin, dəqiqliyin və qərəzsizliyin lentini qayçı kimi kəsən xəbər portallarından biri - Lent.az -ın 12 yaşı tamam olur.

Müddətin qısa görünməsinə baxmayaraq, sayt məlumatları ilə yalnız internet mediası olaraq deyil, həmçinin maarifləndirici KİV nümunəsi kimi Azərbaycan cəmiyyətində və oxucular arasında müsbət fikirlər formalaşdırıb.

APA Group”a daxil olan internet resursunun indiyədək “Əsir düşərgəsi”, “Kəşfiyyatçının xatirələri”, “Döyüş hekayəti” kimi müharibə ilə bağlı bir neçə layihəsi olub ki, bu da saytın həmin problemləri özünün ana xətti hesab etdiyini göstərir. Həmçinin portal gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür.

Lent.az xəbər portalının baş redaktoru Qabil Abbasoğlunun sözlərinə görə, əgər əvvəllər qlobal yanaşmalar daha öndə idisə, indi bütövlükdə mətbuat insana enib: “İnsanın məişətindən bəhs edən mövzular daha çox oxunur. Bu səbəbdən həmin sürətli dəyişimə Lent.az -ı da uyğunlaşdırmağa çalışırıq. Zamanın, bəşəriyyətin ayaqlaşdığı tendensiyaları imkan daxilində həm texnoloji, həm də intellektual baxımdan imkan daxilində saytda tətbiq etməyə çalışırıq”.

2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarında olan resurs siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, layf və texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.

Lent.az xəbər portalının redaktoru Səbinə Əvəzqızı deyir ki, sayt maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb: Lent.az -ın ən böyük uğuru onun oxucu kütləsi ilə bağlıdır. Portalın əməkdaşı olmamışdan əvvəl onun oxucusuyam. Dünyada olan bütün Azərbaycan oxucusu bizdə istədikləri bütün məlumatları tapa bilərlər. Lent.az bütün oxucu kütləsi üçündür. Onun ən böyük uğurlarından biri də bütün pafoslardan uzaq olmasıdır. O, kiməsə nəyisə öyrətməyə, diqtə eləməyə çalışmır. Lent.az , sadəcə, oxucunun yanındadır və onunla səmimi söhbət qura bilir. Lent.az bütün oxucuların müraciət edə biləcəyi yerdir. Özümüzlə bərabər bütün oxucularımızı da təbrik edirəm. Çox sağ olun ki, siz varsınız, bizi bu günlərə gətirmisiniz. Təbrik paylarımızın ən böyüyü sizə düşür”.

Sosial media meneceri Turan Əsədovanın sözlərinə görə, sayt gündəlik olaraq verdiyi məlumatları sosial şəbəkələr vasitəsilə də oxucularının ixtiyarına verir: “Bizim sosial şəbəkələrdə, yəni “Facebook”, “Youtube”, “Twitter” və “Instagram” üzərindən də platformalarımız var. “Youtube”da izləyicilərimiz 60 mindir. Eyni zamanda dünən xoş xəbər aldıq. “Instagram” üzərindən izləyicilərimizin sayı 100 minə çatdı. “Facebook”da 275 minə yaxın izləyicimiz var. “Twitter”də də Azərbaycan üçün kifayət qədər böyük rəqəm olan 2500 izləyiciyə sahibik. Bizi izlədiklərinə görə izləyicilərə təşəkkür edirəm. Pandemiya dövründə çalışaraq həm maarifləndirən, həm də məlumatlandıran, eyni zamanda əyləncəli materiallar təqdim etdiklərinə görə əməkdaşlarımıza minnətdaram”.

İndi redaksiyanın boş görünməsinin bir səbəbi var: koronavirusla bağlı xüsusi karantin rejimi. Buna görə tam tərkibdə fəaliyyət göstərməyən portal bu əlamətdar gününü az işçi qüvvəsi ilə qeyd edir: “12 yaşımız bütün dünyanın çalışıb-vuruşduğu pandemiya dövrünə düşdü. Lent.az pandemiya ilə bağlı hər bir oxucusuna və bütövlükdə insanlara lazım olan informasiyanı, maarifləndirici materialları verməyə çalışır və buna da davam edirik. Günlər yaşandıqca, tarix olur. Bütün bəşəriyyət bu bəlanı arxada qoyacaq. Biz də Lent.az -ın 12-ci ad gününü nə vaxtsa təbəssümlə, fəxarət hissi ilə xatırlayacağıq”.

Biz də Lent.az xəbər portalını APA TV adından təbrik edir, uğurlarının sonsuz olmasını diləyirik.

Elvin Paşazadə,

Əli Ələkbərov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın