11:05 05 Dekabr 2020 401
Ana səhifə Xəbərlər

Snayper atəşindən şəhid olan dünya və Avropa çempionu - REPORTAJ

Emil Şamilov 1996-cı ildə Bakı şəhəri Sabunçu rayonunun Ramana kəndində anadan olub. Ailənin biri qız olmaqla 3 övladı olub. Emil orta təhsilini Ramanada yerləşən 296 saylı orta məktəbdə tamamlayıb. 2016-cı ildə isə hərbi xidmətini başa vuraraq, ailəsinin yanına dönüb.

APA TV-nin xəbərinə görə, kiçik yaşlarından idmana olan marağı Emilin sonrakı həyatına ciddi təsir edib.

Şəhidin atası Rafiq Şamilovun dediyinə görə, Türk dünyasının milli döyüş sənəti olan Alpaqut döyüş sənətinin sirlərini dərindən öyrənən Emil həm bu idman növündə, həm də karate idmanında ard-arda uğurlar əldə edib. 12 dəfə Azərbaycan çempionu, 1 dəfə Avropa və 1 dəfə dünya çempionu adını qazanıb. Bundan əlavə, Asiya və Zaqafqaziya çempionatlarının da qalibi olub: “Mənim özüm 1-ci Qarabağ Müharibəsi veteranıyam. Oğlumla fəxr edirəm. O, mənə həm oğul, həm dost olub. Yəni özünə hörmət qazanan bir oğul olub. Elə bir oğul olub ki, onu dillə demək mümkün deyil. Bunu tək mən demirəm, onu tanıyan bütün qonşular, dostları deyir. Mən oğlumla fəxr edirəm”.

İdmanda peşəkarlıq səviyyəsinə çatan Emil “Alparslan” idman klubunu təsis edib. Bundan sonra həm də müəllim kimi idman dərsləri keçib, gənclərə bu idman növünün sirlərini öyrədib. Anası Validə Şamilovanın sözlərinə görə, 2020-ci il sentyabr ayında torpaqlarımızın azadlığı uğrunda ölüm-qalım savaşı başlayarkən Emil tərəddüd etmədən ordu sıralarına yazılıb: “Getdi, könüllü yazıldı bizə demədən. Biz bilmirdik. Deyirdi, çağıracaqlar gedəcəm. Mən də deyirdim ki, bala, çağırarlar gedərsən. Axşam saat 11-in yarısı zəng gəldi ki, səhər gəl komissarlığa. Xəbəri eşidəndə sevindi. Elə sevinirdi ki, uça-uça getmək istəyirdi. Mən ağlayırdım, o sevinirdi. Deyirdi, mama, ağlama, niyə ağlayırsan? Gedib Şuşanı alıb gələcəm”.

Onun ən böyük arzularından biri, bəlkə də birincisi Şuşanı azad görmək idi. Bu arzu ilə də döyüşlərə qatılıb. Cəbhənin bir neçə istiqamətində misilsiz qəhrəmanlıqlar göstərib. Sonuncu döyüşü isə Hadrutun düşmənlərdən azad edilməsi uğrunda olub. atası deyir ki, erməni əsgərlərini qısa vaxt ərzində geri otuzdurublar, ağır itkilərlə geri çəkilən düşmən açıq döyüşdə güc gələ bilmədiyi Emilin vətən eşqi ilə çırpınan ürəyini snayperlə nişan alıb və o, şəhidlik zirvəsinə ucalıb: “Axırıncı dəfə ayın 22-si danışdı mənimlə. Ölümündən 4 gün qabaq. O qədər özündən razı danışdı mənimlə. Yoldaşım işdə idi. Dedim, zəng elə. Dedi, nömrəsini bilmirəm, səhər zəng edərəm. Elə o zaman mənimlə danışdı. Ondan sonra da şəhidlik xəbəri gəldi”.

Qardaşı Əmirxan Şamilov döyüş yoldaşları ilə Emilin son dəqiqələri haqqında söhbətləşib: “Döyüş yoldaşı danışır, deyir, biz onlara çatanda onların qrupundan 5 nəfər yaralı qalmışdı. Biz ora çatanda Emil vurulmuşdu və kəlmeyi-şəhadətini oxuyurdu. Ondan sonra gözləri ilə sanki bizimlə sağollaşırdı”.

Emil Şamilov şəhidliyi ilə ölümün gözünə dik baxmağı bacardı. Onun yoxluğuna həm də daha çox tələbələri üzülür:

Rəhim Tərcvan: “Biz Emil müəllimlə 6 ildir birlikdəyik. Mənim müəllimim olmaqla yanaşı, həm də böyük qardaş kimi olub. Bütün problemlərimdə yanımda olub. Yarışlarda çiyin-çiyinə olmuşuq. Xeyli nailiyyətlərim olub və mən bu nailiyyətlərimə görə Emil müəllimə minnətdaram”.

İlkin Musazadə: “Mən körpəlikdən onunla həm məşq yoldaşı olmuşam, həm də müəllimim olub. Bütün problemimizdə yanımızda idi. Buna görə ona çox minnətdarıq. Onu itirmək bizim üçün ağır itkidir”.

Məmməd Hüseynli: “Emil müəllim hər zaman məqsədi üçün çalışırdı. Onun məqsədi döyüşmək və torpaqlarımız uğurunda şəhid olmaq idi. O da bunu etdi”.

Azərbaycan Alpaqut döyüş sənətini bütün dünyada tanıdan, kiçik yaşlarından bayrağımızı yüksək arenalarda dalğalandıran Emil Şamilovun məzarı indi onu sevənlərin, tələbələrinin və ailəsinin and yerinə çevrilib.

Həmidağa Məcidov

Faiq Həsənov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın