16:00 15 Yanvar 2020 154
Ana səhifə Xəbərlər

Son 5 ildə 1445 nəfər Avropa ölkələrindən Azərbaycana geri qaytarılıb

Azərbaycanda qaçqın statusu altında yaşayan əcnəbilərin “Yol sənəd”i gələn həftə təqdim olunacaq.

APA TV-nin xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən ildən hazırlanan bu sənəd artıq hazırdır. Sənəd yanvar ayının 23-dən həmin şəxslərə təqdim olunacaq. Həmin ad altında yaşayan şəxslər “Yol sənədi” ilə başqa bir ölkələrə rahat şəkildə səyahət edə biləcəklər.

Vüsal Hüseynov ötən ilin əsas statistik məlumatlarını açıqlayıb və bildirib ki, ümumilikdə Xidmətə edilən müraciətlərdə artım dinamikası müşahidə olunur: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti yaşayanlarda 10 faiz, iş icazəsi alanlarda 8 faiz artım müşahidə olunub. Bundan başqa, qaçqın statusu üçün müraciətlərdə 7 faiz artım qeydə alınıb”.

Onun sözlərinə görə, 2014-cü ildən bu günə qədər 1445 nəfər Avropa ölkələrindən Azərbaycana geri qaytarılıb. Onların böyük əksəriyyəti Almaniyada yaşayıb. Readmissiya olunan şəxslər arasında Avstriya, Fransa, İsveç, Belçika kimi Avropa ölkələrində yaşayan azərbaycanlılar da olub.

Xidmət rəisi deyib ki, 1323 nəfər şəxsin readmissiya olunması ilə bağlı sorğular daxil olub: "Bu sorğular müsbət cavablandırılıb, amma geri qaytarılması reallaşmayıb. Şəxslər qaytarıldığı təqdirdə, Dövlət Miqrasiya Xidməti şəxslərin vəziyyəti, orada hansı problemlərinin olması ilə maraqlanır. Miqrasiya Xidməti yanında Reinteqrasiya işçi qrupu fəaliyyət göstərir. Orada müxtəlif qurumların nümayəndələri təmsil olunur. Biz bu çərçivədə 58 şəxsin ehtiyaclarının qarşılanmasını həyata keçirmişik".

Qeyd edilib ki, 2019-cu ildən fasiləsiz iş rejiminə keçən "Çağrı Mərkəzi" həftənin hər günü 24 saat ərzində vətəndaşlar tərəfindən edilən zəngləri qəbul edir. Bu müddət ərzində edilən zənglərin sayı 110 268 olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın