16:53 18 Yanvar 2021 152
Ana səhifə Xəbərlər

Son danışığında anasından elçi getməsini istədi - REPORTAJ

Vətən Müharibəsində gözünü qırpmadan canını fəda edən qəhrəmanlarımızdandır şəhid Vahid Abbasov.

APA TV-nin xəbərinə görə, Vahid 1994-cü ildə Şəkidə doğulub, orta məktəbi Bakıda bitirib.

2015-2017-ci illərdə Murovdağda xidmət edib. 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub, iki erməni kəşfiyyatçısını yaxalayaraq hərbi hissəyə təhvil verib.

Atası Sahib Abbasov deyir ki, Vətən müharibəsi başlayan zaman Vahid bu dəfə çağırışçı kimi yox, könüllü olaraq torpaqlarımızı azad etmək üçün döyüşlərə qatılır: “Getdi hərbi komissarlığa, üstündən bir saat keçmədi, zəng etdi ki, ata, mənə adi telefon və adapter gətir. Apardım. Tovuz hadisələrindən sonra hiss edirdim ki, gec-tez bu müharibə olmalıdır. Çünki artıq səbir kasamız dolmuşdu. Orda başqa bir əsgərin də valideyni var idi. Söhbətləşdik, oğullarımızı avtobusa mindirib yola salanda bir-birimizi qucaqladıq. Dedik ki, biz burda birik, siz də orada bir-birinizi qoruyun. Avtobus yola düşəndə kövrəldim, üzünü çevirdi o tərəfə ki, görməsin o anı. Sonuncu dəfə elə orda gördüm onu”.

Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə şücaətlə vuruşur qəhrəmanımız. Ailəsinə bağlı olan Vahid imkan tapdıqca anasına mesaj yazır. Anası Natella Abbasova deyir ki, oğlu Fizulidə vuruşduğunu ondan gizlədir: “Atası bilirdi onun Füzulidə olduğunu, amma məndən gizlədirdilər. Sonra onu Kamil Zeynallının paylaşdığı videoda gördüm, bildim ki, Füzulidədir. Zəng edəndə deyirdi ki, ana, Pirəkəşküldəyəm, narahat olma. Məni narahat qoymaq istəmirdi”.

Son danışığında isə Vahidin anasından bir xahişi olur: “Mən tələbə yanında idim. Sağ ikən onu ölü gördüm. Elə bir hiss gəldi ki, mənə, açıq-aydın uşağım ölüb. Orada halım pis oldu. Ağlaya-ağlaya Allaha yalvardım ki, mənim övladıma bir şey olmasın. Elə o vaxt zəng etdi mənə. Soruşdu necəsən, ağrımırsan? Mənə çox bağlı idi. Elə hey narahat olurdu ki, anam necədir. Sonra mənə dedi ki, ana, elçiliyə get mənim üçün. Sevdiyi qız var idi. Mən də dedim sən gəl, gedərəm. Mən tez bacısına zəng etdim ki, danış Vahidlə. Sonra bacısı zəng edib, zəng çatmayıb. Elə həmin gün Vahid şəhid oldu”.

Atası Vahidin döyüş bölgəsindən yaralı əsgər yoldaşlarını da xilas etdiyii deyir: “Vahid Şəhriyarı çıxarıb, ayağından yaralanmışdı Şəhriyar. Təcili yardım maşınına yerləşdiriblər onu. Sonra komandir deyib ki, aşağıda yaralılar var, sən qayıt. Vahid qayıdıb. Arif deyir ki, bizi atəşə tutdular, biz girdik səngərə. Vahidin bizdən təcrübəsi çox idi, Aprel döyüşlərində olmuşdu. Bizə dedi ki, gəlin burdan çıxaq, nişangaha alıblar buranı. Elə o sözü demişdi ki, toz duman qalxdı. Gözümüz qaraldı. Gözümü açanda gördüm ki, torpağın altındayam, duman bürüyüb hər yeri. Vahidi çağırdım, bir dənə xırıltısını eşitdim. Dedim ki, Vahid hanı, dedilər ki, Vahid şəhid oldu .

Zəhmətkeş idi Vahid. Restoranda ofisiant, mühafizəçi və menecer kimi vəzifələrdə işləyərək ailəsinə dəstək olurdu. Bacısı Nərmin Abbasova qardaşının xəyallarının olduğunu, Vahidin, öz restoranını açacağını bildirir: “Qardaşım mənim dayağım idi. Arxamda dağ kimi idi sanki. Bir şey olsa, bilirdim ki, ilk o qaçacaq. Restoran idarə etmək idi xəyalı. Bu sahədə özünü çox inkişaf etdirirdi. İlk olaraq ofisiant işlədi, sonra menecer, müdir”.

Vahid Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

FATMA ZAHİDQIZI

MUSA QULAMMİRZƏYEV

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın