06:40 09 Fevral 2018 3065
Ana səhifə Xəbərlər

Son nəfəsində əsgərini və torpağını qucaqladı - KƏŞFİYYATÇI KOMANDİRİN HEKAYƏTİ

Öz istəyi ilə hərbçi olmaq yolunu seçir, kəşfiyyatçı olur. Hərbi polis kimi fəaliyyət göstərir. Daha sonra isə Gəncəyə bölük komandiri təyin olunur. Beləcə başlayır Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Aqşin İsmayıl oğlu Abdullayevin döyüş yolu. Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olan zabit Aqşin Abdullayev nə az, nə çox - düz 17 il hərbidə olur.

Şəhid atası İsmayıl Abdullayev həmin günləri belə xatırlayır: "Gəncədən Ağcabədiyə göndərildi, daha sonra isə Cəlilabada getdi. Sonra söhbət əsnasında mənə dedi ki, ata, mən döyüş bölgəsinə getmək istəyirəm. Ağcabədidə olduğundan, döyüş bölgəsinə yaxşı bələd idi. Dedi, yaxşı hərbçi olmaq, irəliyə getmək üçün mütləq döyüş bölgəsindən keçməlisən. Sonra mənə dedi ki, ata, sənə sürprizim var. Sonradan məlum oldu ki, Aqşin rəhmətə getməmişdən ona polkovnik-leytenant rütbəsi veriləcəkmiş. O da bunu mənə sürpriz edəcəkmiş".

1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin həmin il Bakı Ali Hərbi Məktəbinə qəbul olub, 2003-cü ildə oranı bitirir və növbəti bir ildə Tədris Təlim Mərkəzində təhsil alır. O, 2003-cü ildə leytenant, 2005-ci ildə baş leytenant, 2009-cu ildə kapitan, 2013-cü ildə isə mayor hərbi rütbəsinə yüksəlir. Aqşin Abdullayev 2004-2017-ci illər ərzində respublikanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə əhəmiyyətli vəzifələrdə xidmət göstərir. Son vəzifəsi xidmət göstərdiyi hərbi hissənin kəşfiyyat rəisi olur.

İsmayıl dayı deyir ki, sonuncu dəfə onunla danışanda fevral ayının 23-ü idi. Aqşin atasız darıxdığını deyir və... Fevralın 24-dən 25-ə keçən gecə cəbhə xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olur. Aqşin İsmayıl oğlu Abdullayevin nəşi doğulduğu Şəki rayonunun Kiş kəndinə gətirilərək dəfn olunur: "Ata, niyə gəlmirsən? Dedim, oğul gələsiyəm. Nəvələrimi ürəyim istəyir, gələcəm. 25-i gecəsi, sən demə, hamı bilirmiş ki, oğlum şəhid olub. Bizə sonuncu günə kimi bildirməmişdilər. Vətən sağ olsun! Baxıram oğluma, fəxr edirəm".

Aqşin Abdullayev xidmət illərində göstərdiyi şəxsi şücaətinə, nümunəvi xidmətinə görə çoxlu sayda medal və fəxri-fərmanlarla təltif olunub. Onların arasında "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli (10 illik qüsursuz xidmət) və "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli (15 illik qüsursuz xidmət) medalları da var. O, həmçinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları ilə təltif edilib. 2016-cı ilin aprel döyüşləri zamanı şəxsi heyətin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqləndiyinə görə də mükafatlandırılıb.

"Mən oğlumdan doymadım axı" deyən Dursan ana deyir ki, onlar ailədə iki qardaş olub. Dursun xanım 1978-ci ildə Aqşinin dünyaya gələnədək 4 övlad itiribmiş. Ona görə ana Aqillə Aqşini sevməməyə söz veribmiş. Əzizləməyə, sevməyə də qorxarmış onları. Birinə atam, birinə qardaşım deyərmiş: "Kiçik yaşlarında karate ilə məşğul olurdu. Bir gün atası dedi ki, ay Aqşin, nə öyrənirsən bu idmanda sən? Göydə fırlandı, bir idman hərəkəti göstərdi. İnanın, biz özümüz də qorxduq. O qədər dəcəl idi. Amma bununla yanaşı, şirin idi. Həmişə mənə şikayət edirdi ki, ana, məni çox istəmirsən sən. Mən onu istəyirdirm, amma tez-tez bildirmirdim. İndi müəllimə yoldaşlarıma da deyirəm ki, övladlarınızı doyunca öpün. Ondan əvvəl övladlarım ölmüşdü deyə Aqşini də itirməkdən qorxurdum".

Evdə heç kimin onun dərs oxuduğunu görməzmiş, amma bütün dərslərindən əla qiymət alarmış Aqşin: "İmtahana gedəndə ona elə ayaqqabı aldım ki, qaça bilməsin. Hərbçi olmağını istəmirdim axı. Amma orda ayaqqabılarını çıxarıb qaçmışdı. Çox qorxmaz uşaq idi, dözümlü idi. Deyirdi ki, ermənidən də qorxarlarmı, ana? İnanmıram yoxluğuna, elə bilirəm balam təlimdədir, nə vaxtsa gələsidir".

Anası deyir ki, Aqşin əsgərlərinə öz övladları kimi yanaşırmış: "Elə son videolarında da var. Bu material internetdə də var. Öləndə də bir qolu digər əsgərin qolunda olub. Bir ovcunda da torpaq olub. Oğlum məsciddə yanında olub, o da deyir ana ovcunu güclə açdıq. Ovcunun içi torpaqla dolu idi. Bundan böyük vətən sevgisi ola bilməz ki..."

Aqşin 2004-cü ildə ailə həyatı qurub. Onun Amin, Nərmin və Ömər adlı üç övladı var. Sədi Abdukərimov Aqşinin qayınatasıdır. "Aqşini oğlum kimi istəmişəm" deyən ata onun dəyərli insan, yaxşı ailə başçısı olduğunu deyib. Şəhidin qızı Nərmin Abdullayeva isə atasına olan sevgisini misralara düzüb:

Aqşin, sən ölmədin, sən də dirisən,

Göylərə çəkildin, göyün sirrisən.

Günəşin nuruna bat, Vətən oğlu,

Yerin cənnət olsun, yat, Vətən oğlu!

Ölümündən sonra şəhid Aqşin Abdullayevin təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv

Sevinc Vaqifqızı

Kodu kopyalayın